Ermənistanın gerb və himni dəyişdirilir
Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkə gerbi ilə bağlı açıqlaması gündəmə çevrilmişdi. Paşinyan çıxışında gerbin dəyişdirilməsini təklif etmişdi:
"Ağrı dağının Ermənistanın dövlət gerbində nə işi var? Bunun indiki Ermənistanla heç bir əlaqəsi yoxdur”-deyə o qalmaqallı açıqlama vermişdi.
"Operativ Media" Ermənistanın "FAKT" qəzetinə istinadən xəbər verir ki, məsələ yenidən gündəmə gətirilib.
"Bizdə olan məlumata görə, Nikol Paşinyanın Ermənistanın gerbinə və himninə hücumu davam edir. "Past" qəzetinin mənbəsinin bildirdiyinə görə, artıq bununla bağlı Baş nazir aparatının rəhbəri Arayik Arutyunyan və nazir Janna Andreasyanın “patronajı” ilə bir neçə müzakirələr aparılıb.
Əldə etdiyimiz məlumata görə, toplantıda bəstəkarlar, yazıçılar, memarlar, rəssamlar iştirak ediblər, hətta gerbin bir neçə variantı da var. Yaxın vaxtlarda gerb və himnin dəyişdirilməsi məsələləri üzrə peşəkar komitənin yaradılması nəzərdə tutulur ki, bu komitə seçilmiş ən uğurlu variantları öyrənib ictimaiyyətə təqdim etməlidir.
Bu mərhələdə hakimiyyət mövzunu hələlik ictimailəşdirməmək niyyətindədir, lakin eyni zamanda, tədricən, müxtəlif münasib hallarda, bu mövzu ilə bağlı ayrı-ayrı tezislər ictimai sahəyə atılacaq"-deyə nəşr bildirir.