
Son günlər bir sıra məşhurların "Instagram" hesabı oğurlanıb. Aygün Kazımova, Kobra Pərviz, Ceyhun Əli bir neçə gündür ki, "Instagram" hesablarını geri qaytara bilmirlər. Bəs bu halla qarşılaşmamaq üçün nə etmək lazımdır?
“Operativ Media”ya açıqlama verən rəqəmsal marketinq meneceri Həsən Fətəliyev deyib ki, budəfəki hücum üsulu tam fərqlidir:
“Əslində, bu, müəyyən fasilə ilə daha əvvəllər də baş verirdi. Ancaq budəfəki hücumun əvvəlkilərdən əsas fərqi hesabları əldə etmək üçün göndərilən linklərin “2 faktorlu” autentifikasiya baryerinə ilişməməsidir. Yəni, əvvəl linkə daxil olub təhlükəsizlik tədbirlərini keçmək lazım idisə, artıq sadəcə linkə daxil olmaq hesabınızı itirmək üçün kifayət edir. Buna məruz qalmamaq üçün ilk növbədə göndərilən linklərə daxil olmamaq lazımdır. Ancaq hesabın təhlükəsizliyi üçün sosial şəbəkələrin təlimatlarına uyğun qaydalara riayət etdikdə həm hesabınıza müdaxilə mümkün olmayacaq, həm də əgər hesabınız ələ keçirilibsə, geri qaytarmaq daha asan olacaq. İlk növbədə ondan başlayaq ki, “Instagram” hesabınızı yaradan zaman qeyd etdiyiniz ilk mail istənilən halda sizdə olmalıdır. Çünki hesabı yaratdığınız mail vasitəsilə həmin hesabı hər zaman geri qaytarmaq mümkündür. “Meta” şirkətinin qaydalarına əsasən isə “Hesablar mərkəzi” adlanan bölmədə siz həm “Instagram”, həm də “Facebook” hesablarınızı vahid “Meta” hesabına daxil etməlisiniz. Bəzi şəxslər məlumatsız olduğu üçün “Hesablar mərkəzi”ndə hansı hesablar olduğundan və ya öz hesabı başqa hesaba əlavə olunduğu haqda bilmirlər. Bu eyni zamanda sizin kart məlumatlarınızdan xəbəriniz olmadan reklam yaratmaqda istifadə edilməsinin də qarşısını alır. Bəzən belə müraciətlər də gəlir ki, kart hesabından dəfələrlə reklam qoyulub, ancaq reklamlar bu hesaba aid deyil”.
Həsən Fətəliyev bir sıra vacib texniki təhlükəsizlik tədbirlərinin vacibliyini də qeyd edib:
“Texniki təhlükəsizlik tədbirlərinə gəldikdə isə mütləq şəkildə hesabda olan mail və nömrənin əlçatanlığına diqqət etməlisiniz. Eyni zamanda şifrə seçən zaman güclü şifrə seçməkdə fayda var, çünki əsasən xakker proqramları sadə şifrələri çox rahat qıra bilir. Buna görə də mümkün qədər çox və müxtəlif simvollardan istifadə etmək lazımdır. Gündəlik olaraq “Instagram”ın özündən hansı cihazlardan hesaba giriş olub ona nəzarət etmək lazımdır. Hansısa bir müdaxilə və ya yad cihaz gördükdə mütləq şəkildə o cihazdan çıxış verib, şifrəni dəyişmək lazımdır. Həm nömrə, həm də autentifikasiya proqramlarından istifadə etmək hesabınızı daha güvənli edəcək. Eyni zamanda hesabın aid olduğu "Meta" hesab, biznes hesabda hansı hesabın “hesab sahibi” funksiyası olduğuna da önəm vermək lazımdır. Ölkəmizdə, təəssüf ki, əsasən məşhur şəxslər süni şəkildə izləyici sayı artsın deyə panel proqramlarına giriş edirlər və ya bu işi görənlərə hesablarını həvalə edirlər. Proqrama giriş etdikdə isə artıq sizin datalarınız orada qalır və hesabınızı oğurlamaq daha rahat olur”.