"Ermənistanın əlində mina xəritələrinin olmaması ehtimalı yoxdur"

Redaksiya
"Ermənistanın əlində mina xəritələrinin olmaması ehtimalı yoxdur"

Ermənistanın mina xəritələrini verməməsi səbəbindən 342 nəfər zərər çəkib. Bu gün işğaldan azad olunan ərazilərdə addımbaşı mina təhlükəsi qalmaqdadır. İşğaldan azad edilmiş ərazilərdə 810 236 026 kvadrat hektar sahə mina və partlamamış hərbi sursatlardan tamamilə təmizlənsə də, bu rəqəm daha da yüksək ola bilərdi. İlk vaxtlar ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25 % təşkil etdiyi məlumdur.

Bəs Ermənistan bu xəritələri niyə vermək istəmir, Ermənistanın əlində mina xəritələrinin olmaması ehtimalı varmı?

“Operativ Media”ya açıqlama verən hərbi jurnalist Elmin Bayramlı deyir ki, keçmiş təmas xəttində vəziyyət tam fərqlidir. O sahələrdə olmayan insanın təsəvvürünün olması belə mümkün deyil. Ərazi həddindən artıq çirkləndiyindən təmizləmə işləri kiçik bir sahədə bəzən aylarla vaxt aparır.

“Azərbaycanın 8 235 kv.km dən çox ərazisinin mina və digər partlayıcı sursatlarla çirkləndiyi məlumdur. Buraya keçmiş təmas xətti boyunca şimaldan cənuba qədər bütün sahə daxildir. Lakin ərazilərin çirklənmə sahəsi də fərqlidir. 90-cı illərin döyüş gedən əraziləri faktiki olaraq iki qat çirklənmiş sahə sayılır. Mina dedektorları bütün metal cisimlərə reaksiya verir. Birinci Qarabağ müharibəsi zamanı basdırılan minalar, həmin vaxt döyüşlərdən qalan sursat qalıqları, ikinci Qarabağ müharibəsinə qədər basdırılan minalar və həmin döyüşlər zamanı qalan sursat qalıqları ərazini tam çirkləndirib. Ağdam və Füzuli ərazisində elə sahələr var ki, ərazi relyefi işi 10 qat çətinləşdirir. Xüsusi həssaslıqla işləyən mina axtaran dedektorun verdiyi siqnala əsasən xırda bir dəmir parçasına görə, təlimata əməl etməli və saatlarla işləməli olur. Sonda isə məlum olur ki, bu adi dəmir parçası imiş”.

Elmin Bayramlının sözlərinə görə,  Ermənistanda mina xəritələri dəqiqliklə var. Hərbi nöqteyi nəzərdən bunun olmaması mümkün deyil.

“2020-ci ilin sonlarında erməni hərbçilər, Qırmız Xaç və Rusiya sülhməramlıları ilə birlikdə Azərbaycan tərəfində qalan hərbi qulluqçularının nəşini götürməyə gəlmişdi. Ermənilər ərazilərdə çox rahatlıqla hərəkət edirdilər. Bizim ehtiyat etdiyimiz sahələr var idi ki, onlar həmin yerlərdə olan meyitləri əli ilə qoymuş kimi götürürdülər. Bəzi sahələrə isə ümumiyyətlə daxil olmadılar. Eyni proses Daşaltı kəndində də baş vermişdi. Daşaltıdan Laçın yolun gedən hissəni ermənilər minalamışdılar. Hücum zamanı Azərbaycan ordusunun hərbi qulluqçuları arasında minaya düşənlər oldu. Sonradan isə iki mülki şəxs də Daşaltının başqa yerində minaya düşmüşdü. Ermənilər öz meyitlərini götürməyə gələndə konkret minalanmış əraziləri göstərdilər. Əslində onların bilməməyi mümkün deyildi. İstənilən hərbi sursatın sərfiyyatı barədə nizami hissədə mütləq qeydiyyat aparılır. Heç kim özbaşına silah anbarından minanı götürüb harasa basdıra bilməz. Ən azı hərbi hissə komandirinin göstərişi olmadan bu proses icra olunmur. Mühəndis istehkam bölməsi isə kordinatlarla işlənmiş xəritəni təqdim etməlidir. Əslində Vətən Müharibəsi zamanı kiçik bir ərazinin belə bir xəritəsi aşkarlanmışdı. Üstəlik onların silah anbarında tapılan kordinat cihazları da müasir lazer avadanlıqları idi. Ermənistan tərəfində xəritələrin olmaması mümkün deyil. Sadəcə onlar bunu bir alət kimi əlində saxlayıblar”.

Digər xəbərlər