Vətəndaşlar ödənişli parklanma yerlərindən niyə narazıdırlar? - AÇIQLAMA
Ödənişli parklanma yerlərinə paytaxtın müxtəlif küçələrində rast gəlmək mümkündür. Bəzi yerlərdə quraşdırılan ödənişli parkinq məntəqələri isə bir çox şəxsin narazılığına səbəb olur. Xüsusən təhsil müəssisələrinin parklanma yerlərinin pullu olması həmin ərazilərdə uzun zaman vaxt keçirən şəxslər üçün əlverişsizdir.
Bəs ödənişli parkinq yerləri hansı ərazilərdə quraşdırılmamalı idi?
Məsələ ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı "Operativ Media"ya bildirib ki, bəzi vətəndaşlara parkinq yerlərinin ödənişli olması sərf etməsə də, bundan razılıq duyanlar da var:
"Bizim qanunvericiliyimizdə elə bir müddəa yoxdur ki, parklanma yerlərinin hamısı ödənişli olmalıdır, harada imkan varsa, bunu həyata keçirirlər. Amma, çox təəssüf ki, şəhər mərkəzində buna çox nadir hallarda rast gəlinir. Doğrudur, bu mövzuda insanların narazılığı var, xüsusən iş yerlərinin yaxınlığında parklanmadan istifadə edənlər düşünürlər ki, 8-9 saat burada vaxt keçirirəmsə, burada ya pulsuz, ya da güzəştli şəkildə dayanmalıyam. Lakin başqa biri də gəlib asanlıqla yer tapa bilir deyə razıdır, çünki ödənişlə bağlı məsələdən sonra artıq parklanma yerləri bir çox insan üçün əlçatan oldu. Amma, fərdi qaydada yanaşılanda güzəştli kartlar vermək olardı. Hələlik isə bu tətbiq olunmur".
Mövzu barədə hüquqşünas Ərşad Hüseynov isə bildirib ki, ödənişli park yerləri mükəmməl ictimai nəqliyyatı olan şəhərlər üçün daha uyğundur:
"Həmin yerlərdəki metro stansiyaları çoxdur və yaxın ərazilərdədir, ictimai nəqliyyat daha tez ünvana çatdırır və s, bir sözlə, o şəhərdə ödənişli parklama yeri qoymaq olar ki, orada ictimai nəqliyyat şəxsi avtomobildən daha əlverişlidir".
O həmçinin əlavə edib ki, bu proseslər ictimai nəqliyyatdan asılıdır və dövlət hər il plana uyğun şəkildə külli miqdarda ictimai nəqliyyat üçün pul ayırmalıdır. Bu zaman bu və digər problemlərin həlli yolu asanlaşar.