Bədəvi mədəniyyətində dəvə südü mühüm yer tutur. Bir çox mütəxəssis onun tərkibindəki minerallar və vitaminlərin orqanizm üçün olduqca faydalı olduğunu qeyd edir.
Çoxları dəvə südünün xərçəng xəstəliyinin müalicəsində belə faydalı olduğunu deyir. Bəs, görəsən, bu fikir nə qədər doğrudur?
Onkoloq Dr. Afət Cabbarova "Operativ Media"ya açıqlamasında bu fikri təkzib edib.
Həkim insanlara tövsiyə edib ki, bu cür təsdiqi olmayan fikirlərə aldanmasınlar, çünki elmdə dəvə südünün xərçəng və bu kimi xəstəliklər üçün müalicəvi rol oynaması ilə bağlı heç bir fakt yoxdur.
Bəs dəvə südü hansı xəstəliklərin müalicəsi üçün istifadə oluna bilər?
Mövzu ilə əlaqədar fitoterapevt Dr. Fuad Mahmudov isə qeyd edib ki, dəvə südünün öskürək, soyuqdəymə kimi xəstəliklərə faydası var:
"Dəvə südünün yağlılıq dərəcəsi digər südlərə nisbətən daha yüksəkdir. Bu səbəbdən bronxların iltihabı prosesində, zəiflik hiss edildiyi zaman immunitetin gücləndirilməsi üçün istifadə oluna bilər".
F. Mahmudov bildirib ki, dəvə südü hər nə qədər faydalı olsa da, onun vasitəsilə xərçəngi müalicə etmək mümkün deyil:
"Bəzən reklam xarakterli belə fikirləri səsləndirirlər ki, həmin məhsula tələbat artsın. Ancaq bu doğru deyil".