
"AZAL-da yeni təyinatlar turizm sahəsi üçün bir sıra imkanlar yaratdı. Amma region hava limanlarının da inkişaf etdirilməsi üçün işlərə başlanılmalıdır".
Bunu "Operativ Media"ya açıqlamasında turizm üzrə ekspert Elgün Babayev deyib.
Ekspertin sözlərinə görə, region hava limanlarına loukosterlərin uçuşunu təşkil etmək lazımdır. Biletlərin ucuz olması regionların inkişafı üçün də əlverişlidir.
"Körfəz ölkələrindən gələn turistlərin üz tutduğu əsas regionlardan biri də Qəbələdir. Pandemiyadan əvvəl Abu Dabidən Qəbələyə uçuşlar var idi. Yerli turistlər, eləcə də xarici turistlər üçün çox əlverişli idi. Sonradan bu reys bağlandı. "Pegasus" şirkətinin Gəncədən uçuş keçirməsi isə turistlərin Azərbaycana çox gəlməsinə səbəb ola bilər. Amma bu təktərəfli olmamalıdır. Lənkəran, Şəki, Qəbələ hava limanları da aktiv istifadə edilməlidir. Bu hava limanları üçün imkanlar yaradılmalıdır ki, həm loukosterlər, həm də digər daşıyıcılar maraq göstərsin. Birbaşa uçuş olmasa da, tranzit uçuşları reallaşdırmaq olar. Faktiki olaraq buna ehtiyac var".
Elgün Babayev deyir ki, işğaldan azad olunmuş ərazilərdə tikilən hava limanlarının perspektivi daha çoxdur.
"Füzuli, Zəngilan, Laçın beynəlxalq hava limanları, eləcə də Xocalı hava limanı daxili uçuşlar üçün əlverişlidir. Laçın Bakıdan azı 5-6 saatlıq uzaqlıqdadır. Bilet münasib qiymətə olsa, təbii ki, ən azından öz vətəndaşlarımız istifadə edəcəklər. Həmçinin dövlətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə bağlı xüsusi turizm layihələri var. Bu layihələrin tətbiqi də hava limanlarına tələbatı artırar. Eyni zamanda hava limanlarını müştərək istifadəyə vermək olar. Dünya təcrübəsində bu qayda tətbiq edilir. Dövlət hava limanını investorlarla birlikdə istifadə edə bilər. Belə olan halda büdcə yükü də azalmış olar".