Fevralın 6-da Türkiyədə ilk zəlzələ baş verən zaman çörək sexində işləyən Məsut Hançer tez evə qaçıb. Gördüyü mənzərə qarşısında şoka düşən Hançer qızı İrmak Leyla Hançerin cəsədini binaların dağıntıları arasında tapıb.
Onun qızı bir gecəlik nənəsigilə gəlmişdi və zəlzələnin qurbanına çevrilmişdi. Məsut qızı Leylanın əlindən tutub, cəsədinin çıxarılmasını gözləyib. Onun qızının əlindən tutduğu foto zəlzələnin simvollarından birinə çevrilib.
Zəlzələdən sonra həyat yoldaşı və 3 uşağı ilə Ankarada yaşayan Məsut Hançer hadisənin ildönümündə ailəsi ilə birlikdə Kahramanmaraşa gəlib.
O şəhər qəbiristanlığına gedərək qızı İrmak Leylanın məzarını ziyarət edib.

Zəlzələdə qızı ilə birlikdə 7 yaxın qohumunu itirən Məsut Hançer övlad acısının çox fərqli olduğunu bildirib.
"Biz də onunla birlikdə öldük. Bu acı heç vaxt keçmir. Qızımın əlindən tutub 2-3 saat gözlədim. Onun əlini bir daha buraxa bilmədim. Nənəsi ilə qalırdı, gəzməyə gəlmişdi. Hər şey yarımçıq qaldı. Onun cəsədi beldən aşağı dağıntılar altında qalmışdı. Əllərindən öpdüm, yanaqlarından öpdüm. Əllərini qucaqladım. Çarə tapa bilmədim".

Məsut Hançe hazırda Ankarada "TV 100"də işlədiyini bildirib.
Qeyd edək ki, ötən ilin fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ əsrin fəlakəti adı ilə tarixə düşüb. Həmin zəlzələdə 55 min nəfərə yaxın insan həyatını itirib.






