Avtomobil üzərində reklam üçün hansı icazələr alınmalıdır?

Redaksiya
Avtomobil üzərində reklam üçün hansı icazələr alınmalıdır?

Azərbaycanda fərqli reklam formalarından biri - avtomobil üzərində reklam inkişaf edir. Ötən ilin sonlarında nəhəng dünya brendi “Coca – Cola” öz avtomobil karvanı ilə paytaxta rəngarənglik qatdı. Həmin görüntülər sosial media səhifələrində milyonlarla izlənmə yığdı. Müxtəlif marketinq qruplarında (1, 2) isə əsas müzakirə mövzusu avtomobil üzərində reklamın üstünlükləri, bu xidməti təqdim edən reklam şirkəti, icazələrin alınma qaydaları və.s oldu. 

360 dərəcəli reklam xidməti təklif edən “Admedia” reklam şirkətinin təsisçisi və direktoru Sabit Məmmədov “Operativ Media”ya bildirib ki, avtomobil üzərində olan reklamların əsas üstünlüyü ondan ibarətdir ki, avtomobil hərəkət edərək müxtəlif məkanlardan keçir və bunu fərqli auditoriyalı insanlar görür. 

Sabit Məmmədov: Bu il "Peşələr festivalı"nda 50 mindən çox insan iştirak edib(4 Dekabr 2023 / Bakı / Peşələr Festivalı)

“Avtomobil sürücüləri, yol kənarı ilə hərəkət edən insanlar, dayanacaqda duran insanlar və ya binalardan da müxtəlif şəxslər avtomobilinizin üzərindəki reklamı görə bilərlər. Ona görə də avtomobil üzərində reklamlar effektivdir”.

Sabit Məmmədov bildirir ki, xüsusi hazırlanmış reklam avtomobilləri daha çox diqqət çəkir. 

“Xüsusi hazırlanmış avtomobillərlə reklamın hədəf auditoriyasına uyğun ərazilər seçmək olur. Avtomobil üzərində olan reklamlar mütləqdir ki, təmiz olsun, səliqəli olsun ki, reklam anti-reklama çevrilməsin”.
 
O qeyd edib ki, avtomobil üzərindəki reklama görə Baş Dövlət Yol Polisi İdarəsi icazə verir. 

“Fiziki şəxslərin ayrı, hüquqi şəxslərin ayrı rüsumu var. Əgər avtomobil uzun müddətli dayanarsa, niyətiniz satış xarakterlidirsə, o zaman həmin reklamlara Dövlət Reklam Agentliyindən də icazə alınır”. 

Sabit Məmmədovun sözlərinə görə, qiymətlər avtomobilin üzərinə vurulan reklamın materialından asılıdır. Bu adətən vinil olur.

"Hazırda ən çox istifadə olunan Türkiyə istehsalı "unifol" vinillirədir ki, o avtomobilin boyasını və materialını zədələmir. Növbəti reklamı vurarkən demontaj etmək olur".

Digər xəbərlər