Təmirli mənzil alarkən nələrə diqqət etmək lazımdır?
“Yeni tikili binalardan hazır təmirli mənzil alanlar sonra çıxılmaz vəziyyətdə qalır. Alıcılar ən çox mənzilin təmirinin keyfiyyətindən narazadırlar”.
Bunu “Operativ Media” ya açıqlamasında tikinti məsələləri üzrə ekspert Muxtar Ərturan deyib.
Onun sözlərinə görə, alıcılar tikinti şirkətləri tərəfindən aldadılır. Bəzi vətəndaşlar məhkəməyə müraciət etsə də, əksər hallarda insanlar dəyən ziyanı tələb edə bilmir:
“Əsasən problemlər mənzil alandan 8-9 ay sonra ortaya çıxır. Mənzilin alınma vaxtı çox önəmlidir. Yayda mənzil alan insanlar qış gəlməyincə, tam istifadə olunmayınca mənzilin qüsurlarını görə bilmir. Söhbət kombilərdən, isitmə sistemlərindən gedir ki, əksər insan problemin kökünə çox da varmır. İzolyasiya məsələlərində, havalandırma məsələlərində, su izolyasiyasında, santexnika məsələlərində çox böyük nöqsanlar aşkarlanır. Bu gün təmir adı ilə satılan binalarda ən böyük problem rütubət problemidir. Tikinti şirkətləri var ki, daş yundan istifadə edirlər. Amma, bütün binalarda bu yoxdur. İzolyasiya işləri düzgün aparılmayanda isə nöqsan özünü göstərir”.
Muxtar Ərturanın sözlərinə görə, təmirli mənzillərin satış qiyməti təmirsiz evlərdən təqribən 30-40 min manat çox olur. Ancaq mənzillərə baxış zamanı görülən işlərin ümumi dəyərinin, 10-15 min manatdan artıq olmadığı üzə çıxır:
“Təmirli mənzil alan şəxs mütləq mütəxəssisə müraciət etməlidir. İlk növbədə həmin mənzilin içərisində sanitar qovşaq, santexnika avadanlıqları monitorinq olunmalıdır. Elektrik sistemləri monitorinq olunmalıdır. Sizi əmin edə bilərəm ki, əksər mənzillərdə sanitar qovşaqlara ümumiyyətlə izolyasiya vurulmur. Kafel metlakların ortasından sızan sular, rütubət öz növbəsində bütün təmirin zay olmasına gətirib çıxarır. Hazırda mənzillərin daxili təmir işlərinə hansısa nəzarət mexanizmi yoxdur. Bu məsələdə vətəndaşlar özləri diqqətli olmalıdırlar”.