14 fevral Sevgililər Günü ilə əlaqədar ən çox hədiyyə edilən elə gül buketləridir. Buketlərin qiyməti 25 manatdan başlasa da, fantastik qiymətə satılan buketlərə də tələbat az deyil.
“Operativ Media” paytaxtın gül dükanlarındakı qiymətlərlə maraqlanıb. Hazırda ən bahalı qiymətə satılan qızılgül buketi 3600 manata satılır.
“501 ədəd qızılgül olan buket 1800 manatdır. Buketdə istifadə olunan güllər yerli qızılgüllərdir. Əgər müştəri Hollandiyadan gələn qızılgül istəsə, qiymət iki dəfə baha olur. 14 fevralla bağlı sifarişlərimizi bir neçə gün əvvəldən götürmüşük. 501 dənə qızılgülü buket eləmək 4 saatdan çox vaxt aparır. Ağ qızılgül sifariş verən də var, qırmızı qızılgül də. Hər ikisinin qiyməti eynidir. 1001 qızılgül sifariş verən müştərimiz də var. Bu gün toy edən cütlük istədi ki, 1001 qızılgül olsun. Biz də yerli yetişmə qızılgüllərdən səbət şəklində hazırladıq.
Müştərilər xoşlayır ki, qızılgül sayı çox olsun. Buketlərə tələbat var. İndidən 8 mart üçün sifarişlərimiz belə var”-deyə satıcı A.C saytımıza bildirib.






