Aralıqlı orucdan düzgün istifadə necə olmalıdır?
Arıqlamaq üçün bir çox pəhriz növü var. Son zamanlar aralıqlı oruc üsuluna çox insan üstünlük verir. Aralıqlı oruc günün son yeməyilə növbəti günün ilk yeməyi arasında uzun bir fasilə saxlayaraq qidalanmanı nəzərdə tutan pəhriz növüdür.
Bəs aralıqlı orucdan düzgün istifadə necə olmalıdır?
Mövzu ilə bağlı diyetoloq Ləman Süleymanova "Operativ Media"ya açıqlamasında bildirib ki, insanın həkim nəzarəti olmadan aralıqlı pəhriz saxlaması tövsiyə olunmur:
"Hər bir insan orqanizmi individualdır. Məsələn, normadan 50 kq artıq çəkisi olan pasientlə ilk növbədə psixoloji söhbət edilir, dərhal piyləmənin səbəbi araşdırılır. Daha sonra qan testləri və USM müayinəsi olunur. Piylənmə müxtəlif səbəblərdən ola bilər. Hətta normadan 5-10 kq çəki artdıqda belə siqnal işarəsidir, çünki nəyinsə fəsadıdır. Səbəbi aydınlaşdıqdan sonra şəxsə individual proqram tərtib edilir. Bu pəhriz növündən uzunmüddətli dərman terapiyası qəbul edən şəxsə müalicəvi üsul olaraq 5-7 gün ərzində tətbiq etmək olar. Amma aralıqlıorucun daha uzun müddət olması yasaqdır, xüsusən də həkim nəzarəti olmadan saxlanılan aralıqlı pəhriz çox ağır fəsadlarla nəticələnə bilər".
Diyetoloq qeyd edib ki, bəzən insanlar aralıqlı oruc vasitəsilə kilo verir, lakin bunu dayandırdıqdan sonra daha çox kilo geri qazanır:
"Əksər hallarda pasientdə verdiyi kilonun 2 qatını qazanmaqla yanaşı, bir sıra digər ciddi problemlər də meydana çıxır. Məsələn, qaraciyərin üçüncü dərəcəli piylənməsi baş verir, təzyiq və insulin dirənci artır və s. Hətta toksinlərin təmizlənməsi üçün təyin olunan detoksdan belə 3-5 gündən artıq istifadə etmək olmaz. Unutmamaq lazımdır ki, insan orqanizmi həssasdır və onunla oynamaq olmaz. Bir müddət hər şey normal görünsə də, sonradan çox ciddi problemlərlə özünü biruzə verir".