
Bakı metrosundakı qatarların nə üçün məhz Rusiyadan alınmasının səbəbləri açıqlanıb.
Bu barədə Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov urban blogger Anar Əliyevin suallarını cavablayıb.
O bildirib ki, Bakı metropolitenində 4 fərqli tipdə qatar var:
“Burada çoxsaylı nüanslar var. İlk olaraq, Bakı metropolitenində görünən bütün qatarlar birmənalı olaraq Rusiyadan gəlib. Bunlar eyni müassisədən çıxmış eynistandartlı qatarlar kimi görünür. Ancaq bu gün Bakı metropolitenində eyni müassisədən alsaq da, 4 fərqli tipli qatar var. Köhnə nəsil 81-717 və onların modernləşmiş variantı 81-714, ilk dəfə 2015-ci ildə gətirilmiş 81-760B seriyalı “OKA” adlanan qatar və ondan sonra çıxan və eynən ona oxşayan 81-765B seriyalı “Moskva” adlandırdığımız qatar tipləri var. Bu nəsil qatar tipi Bakının sifarişi əsasında hazırlanıb və texniki tərkibi fərqlidir”.
B.Məmmədov qeyd edib ki, bu qatarlara qulluq, təmir-baxış məsələləri də mürəkkəbdir:
“Bu gün depoda fərqli xüsusiyyətləri olan qatarlara qulluq edilir. Moskvada həmin 81-765B seriyalı qatar isitifadəyə verilərkən xəttdən digər bütün köhnə qatarlar çıxarılır, çünki elektrik deposunda yalnız bir seriyadan olan qatarlara təmir-baxış və qulluq işləri aparılıb. İkinci vacib məqam isə Bakı metropoliteninin bütün qatar parkının infrastrukturu məhz bu nəsil qatarlar üçün nəzərdə tutulub. Artıq təcrübə mübadiləsi, peşəkarların yerləşdirilməsi, avadanlıqların gətirilməsi və quraşdırılması daxil olmaqla peşəkar infrastruturumuz var. Keyfiyyətə gəlincə isə, bu gün Rusiyada istehsal olunan qatarların gövdəsindən başqa digər bütün hissələri dünyanın müxtəlif ölkələrindən gətirilir. Biz də həmin köhnə qatarlarımızı modifikasiya etdikdə, yəni müasirləşdirdikdə məhz o avadanlıqlardan istifadə edirik. İtaliya, İsveçrə, Almaniyanın sistemləri bu qatarlarda mövcuddur. Faktiki olaraq gövdə Rusiyanın, tərkib isə dünyanın bütün standartları olan sistemdən ibarətdir”.