Daxili İşlər Nazirliyi evlərə və blokların girişinə kamera qoymağı tövsiyə edir. DİN tərəfindən dövlət maliyyəsi ilə quraşdırılan təhlükəsizlik kameraları ilə yanaşı, vətəndaşların da özlərinə məxsus obyektlərin, mənzillərin, blokların girişlərində kameralaşmaya üstünlük verməsi təklif edilir. Paytaxt ərazisində bəzi binalar artıq öz maliyyələri hesabına bunu ediblər. Lakin kamera sistemi qurulmayan xeyli sayda bina da var. Bəs binada olan blokların girişinə kamera quraşdırmaq neçəyə başa gəlir?
“Operativ Media” bazar qiymətlərini araşdırıb. Kamera sistemlərinin quraşdırılması ilə məşğul olan şirkətin nümayəndəsi saytımıza açıqlamasında bildirib ki, bütün binanın kamera sisteminin qurulması bir gün vaxt aparır.
“Binalara kamera sistemlərinin quraşdırılması üçün müracət edənlər olur. Əsasən köhnə tikili binalarda yaşayanlar bunu istəyir. Yol kənarından uzaq olan binalar, dalanlarda olan binalardan oğurluq risqi çoxdur deyə müraciət köhnə tikililərdən və həyət evlərindən olur. Qiymətlər kameralara görə dəyişir. Çöl kameraları mütləq keyfiyyətli marka olmalıdır ki, uzun müddət işləsin. Bir kameranı quraşdırmağın xidmət haqqı 50 manatdır. Kamera sayı çox olanda xidmət haqqı 30 manat olur. Köhnə tikililərdə ortalama 5 blok olur. Hər bloku görmək üçün ən azı 10 kamera quraşdırılmalıdır. Kameralar elə qurulur ki, biri digərini çəksin. Kimsə binaya oğurluğa gəlirsə, birinci kameranı sındırır. Ona görə də quraşdıranda bir istiqamət üzrə iki kamera götürülür. Gecə çəkilişi olan kameralar 400 manatdan başlayır. Əgər kamera səs yazırsa, qiymət artıq 600 manat olur. Bundan əlavə kameraları izləmək üçün 100 manata əlavə monitor, 200 manata isə sistem blok qoyulur”.
Şirkət nümayəndəsi deyir ki, həyət evlərinə təhlükəsizlik kameraları quraşdıranlar daha çoxdur.
“Həyət evlərində oğurluq halları çox olur deyə, insanlar çalışır ki, evə köçmədən kamera sistemi qurulsun. Burada da evin 4 tərəfindən iki kamera qoyulur. Yenə kameralar bir birin görməlidir. Burada da ortalama 10 kamera olması arzuolunandır. Bağ evlərində isə say daha çox olur. Darvaza girişləri və hasarın ölçüsünə görə say dəyişir”.






