Binaların həyətində şlaqbaum quraşdırılması qanunidirmi?

Redaksiya
Binaların həyətində şlaqbaum quraşdırılması qanunidirmi?

Paytaxt Bakıda son dövrlərdə binaların girişinə şlaqbaumların qoyulması geniş vüsət alıb. Xüsusilə də köhnə tikililərin digər girişləri bağlanır və əsas girişə isə şlaqbaum qoyulur.

Bəs bu qanunidirmi?

Məsələ ilə bağlı “Operativ Media”ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, sakinlərin bu addımı atması başa düşüləndir. Çünki əksər hallarda bina sakinləri avtomobillərini park etməyə yer tapmırlar.

“Köhnə tikili binaların birinci mərtəbəsi əksər hallarda iaşə obyektləri olur. Ona görə də, obyektlərə gələnlər əksər hallarda maşını həyətlərdə saxlayırlar. Bunun qarşısını almaq üçün sakinlər məcbur qalıb şlaqbaum quraşdırırlar. Dövlət qurumlarının yalnız binaların girişlərinin daimi bağlanılması barədə qadağaları var. Əsas tələb odur ki, gediş-gəlişə maneə yaranmasın. Qanunvericiliyə görə Mənzil İstismar Sahələrinin və yaxud bələdiyyələrin bu məsələyə qarışmağa ixtiyarı yoxdur”.

Hüquqşünas Şamil Paşayev isə deyir ki, yeni tikili binalarda problem daha qabarıqdır. Əksər MTK-lar binaların girişinə şlaqbaum qoyaraq parklanma üçün əlavə pul alırlar. Bu isə qanunsuzdur.

“Yeni tikililərdə əsas problem odur ki, MTK-lar binaları öz obyektləri  kimi idarə  edirlər. Əslində bu doğru deyil. Burada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır. Binanı vətəndaşlar özləri idarə etməlidirlər. Binanı özləri idarə etdikdən sonra səs çoxluğu  komendant seçməlidirlər. Binanı idarə edənlər tərəfindən aidiyyatı qaydada tədbirlər keçirilməlidir. Azərbaycanda isə reallıqda bunu bir nəfər edir. Bu da qəbuledilməzdir. Eyni zamanda binalarda yanğın amilləri nəzərə alınmalıdır. Şlaqbaum qoyan vətəndaşlar və ya MTK-lar nəzərə almalıdır ki, həyət ümumi mülkiyyətdir və hər kəs üçündür”.

Binalara şlaqbaum quraşdıran şirkətlər isə deyir ki, bazar, metrostanisyaların yaxınlığı və mərkəz ərazilərdə yaşayanlar şlaqbaum quraşdırmağa daha çox üstünlük verirlər.

“Mərkəz küçələrdə, alış-veriş mərkəzlərinin yaxınlığındakı binaların əksəriyyətinin həyətində şlaqbaum quraşdırılıb. Müraciətlər əvvəl daha çox idi. İndi isə əksər binalarda var deyə sifariş azalıb. Şlaqbaumların quraşdırılması 1200 manatdan başlayır. Dözümlü və keyfiyyətli olanlar 1500 manatdan təklif edilir. Bu şlaqbaumların açılması üçün blutuz məsafəsi də çox olur. 30 -50 metrdən belə şlaqbaumu açmaq mümkündür. Şlaqbaumun açılması üçün iki pult pulsuz verilir. Əlavə hər pult isə 17 manatdır. Sistemi elə qururuq ki, pultu kimsə kopyalaya bilməsin. Belə deyək şlaqbaumu biz quraşdırmışıqsa, əlavə pult üçün beyin də biz yazmalıyıq. O zaman kopyalamaq olmur”.

Digər xəbərlər