ÜST: Qəzza ölüm zonasına çevrilib
"Qəzza ölüm zonasına çevrilib. Ərazinin böyük bir hissəsi dağıdılıb".
"Operativ Media" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının sədri Qabriel Qebreyesus ÜST-nin həftəlik mətbuat konfransında deyib.
Qəzzada sağlamlıq və humanitar vəziyyətin pisləşməkdə davam etdiyini vurğulayan Qebreyesus ÜST və tərəfdaşlarının son 3 gündə Qəzzanın cənubundakı Nasser Xəstəxanasında təcili əməliyyatlar apardığını qeyd edib.
İsrailin blokadası və hücumları altında xəstəxanada hələ də təxminən 130 xəstə və ən az 15 həkim və tibb bacısı olduğunu bildirən Qebreyesus, xəstəxanadakı reanimasiya bölməsinin artıq işləmədiyini və ÜST-ün xəstələrin başqa xəstəxanalara köçürülməsinə köməklik etdiyini bildirib.
Qebreyesus əlavə edib: "Qəzza ölüm zonasına çevrilib. Ərazinin böyük bir hissəsi dağıdılıb. 29 mindən çox insan həlak olub, çox sayda insan isə yaralanıb. Müharibə başlayandan bəri ağır qida çatışmazlığı sürətlə artıb".
Qəzzada artıq atəşkəsə ehtiyac olduğuna diqqət çəkən Qebreyesus, bölgədə qeyri-məhdud humanitar yardımın verilməsinin vacibliyinə də diqqət çəkib.