Misir: İsrailin Qəzzadakı hərəkətləri beynəlxalq hüququ pozur
Misir İsrail hərbçilərinin Qəzza zolağındakı hərəkətlərini beynəlxalq hüququn pozulması kimi səciyyələndirir.
"Operativ Media" xəbər verir ki, bu sözləri Misir Xarici İşlər Nazirliyinin hüquq müşaviri Yasmin Musa Haaqada keçirilən Beynəlxalq Ədalət Məhkəməsinin dinləmələri zamanı deyib.
"Hazırda Qəzzada baş verənlər beynəlxalq hüququn pozulmasından başqa bir şey deyil", - Musa deyib. O vurğulayıb ki, Fələstin anklavında artıq 29 mindən çox insan həlak olub, daha 1,3 milyon insan isə evlərini tərk etmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, İsrail Qəzza zolağında fələstinlilərin həyat şəraitini dözülməz etmək üçün qəsdən radikal addımlar atır, o cümlədən anklavlara humanitar yardımın çatdırılmasının qarşısını alır.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi bu həftə İsrailin 1967-ci ildən Fələstin ərazilərini işğalının hüquqi nəticələrinə dair dinləmələr keçirir. İclasda ifadə vermək üçün 52 ölkədən nümayəndə çağırılıb.