Xəzər dənizinin suyu niyə azalıb?

Xəzər dənizinin suyu kəskin şəkildə azalıb. Bunu artıq Xəzərin müxtəlif sahillərindən müşahidə etmək mümkündür. Bir çox sahələrdə dənizdə qurulan estakadaların sudan kənarda qalması da bunun bariz nümunəsidir. Xəzərin suyunun bu qədər geri çəkilməsi isə əhalidə təşviş doğurur.
Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ekoloq Rövşən Abbasov "Operativ Media"ya bildirib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin əsas səbəbi ora tökülən çayların sululuğunun son 30 ildə azalmasıdır:
"Bu azalmanın müxtəlif səbəbləri vardır. İlk sıralamada Xəzər hövzəsində suya olan tələbatın artmasını qeyd edə bilərik. Xəzərə tökülən ən böyük su Volqa çayıdır. Volqa çayının hövzəsindən hər il əvvəlki illərlə müqayisədə 20-25 kub kilometr daha çox su götürülür ki, bu da Xəzərə gələn suyu azaldır".
Mütəxəssis vurğulayıb ki, son illər Kür çayının axımında da kəskin azalma müşahidə olunur:
"Bu da Xəzər dənizinə gələn suyu azaldır və bu səbəbdən də Xəzər dənizinin səviyyəsi aşağı düşür. Əlbəttə ki, problemin əsas yolu ondan ibarət olardı ki, biz Xəzərin su balansını, gəlir-çıxar hissəsini dəqiq hesablayaq və bunun müqabilində də Xəzərin su balansının düzəlməsi üçün müxtəlif tədbirlər görək. Bu tədbirlərə ilk növbədə Xəzər hövzəsində çaylardan su götürülmənin azaldılması aiddir".
Ekoloq qeyd edib ki, Xəzər dənizinin suyunun -33 metrəyədək azalması proqnozlaşdırılır.
Sevinc İbrahimzadə