Son illər diş problemlərinin artması özünü bir neçə formada göstərir. İstər uşaqlar, istərsə də böyüklər arasında stomatolaqa müraciət halları artıb.
Həkim-stomatoloq Eşqin Məmmədov “Operativ Media”ya açıqlamasında bildirib ki, müraciətlərin artması ilə yanaşı, qiymətlər də artıb. Buna səbəb həm müalicə vasitələrinin bahalaşması, həm də vətəndaşların problemin həlli üçün gec müraciət etməsidir:
“Xüsusən uşaqlarda kiçik yaşlarda diş problemləri aşkarlanaraq qarşısı alınmadıqdan bir müddət sonra əyilmələr, yerdəyişmələr üzə çıxır. Bu dövrdə isə çıxış yolu breketlə müalicəyə qalır. Valideynlər çox vaxt düşünür ki, əyri diş zamanla düzələcək. Amma problem birə-beş artır. Vaxtında üstünə düşülsə, 1-3 ay aralığında diş əyrisi düzəlir. 12 yaşdan artıq uşaqlarda isə bu 8 ay çəkə bilir. Son bir neçə ildə isə breket qiymətlərində də xeyli artım müşahidə edilir. Səbəb isə xaricdən gətirilən tibbi məhsulların bahalaşmasıdır. Fərqli-fərqli ölkələrin istehsalı olan breketlərdən istifadə edirik deyə qiymətlər dəyişir. Eyni zamanda materiala görə də qiymət dəyişir. 4 il qabaq 1000 manat idisə, indi 1500, 2000 arasıdır. Normalda 2 min manatdan başlayır və daha yüksəyə qədər davam edir”.
Həkim-stomatoloqun sözlərinə görə, diş müalicəsi, plomb, implant və diş qəlibləri üçün də qiymətlər artıb:
“Bir dişin plomblanması müalicəsi ilə birlikdə azı 100 manatdır. Zirkon dişlər Almaniya istehsalı olan materialdan hazırlananda qiymətlər 400-450 manatdan başlayır. İmplantlar isə tam fərqlidir - 450 manat, 750 manat və 1500 manat arası dəyişir. Qiymətlər arasında həm bahalaşma, həm də istehsalçı ölkəyə görə kəskin fərq var. Almaniya istehsalı olan materialdan istifadə edildikdə qiymətlər baha olur. Stomatoloji xidmətlər üçün istifadə olunan digər müalicə vasitələrinin qiyməti artıb. Çünki hər biri xarici ölkələrdən gətirilir. Orada qiymət artımı olanda burada da özünü kəskin şəkildə göstərir”.






