Nigerdə ABŞ qoşunlarının dərhal çıxarılması tələbi ilə nümayiş keçirilib
Nigerin paytaxtı Niameydə ABŞ hərbçilərinin dərhal ölkədən çıxarılması tələbi ilə keçirilən nümayişdə minlərlə insan iştirak edib.
"Operativ Media" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Etirazçılar Niger parlamentinin binası qarşısına toplaşıblar. Onların arasında keçid hökumətinin nümayəndəsi polkovnik Amadu Abdraman da daxil olmaqla rəsmi şəxslər də olub. Agentlik xəbər verir ki, nümayişçilər Niger, Burkina Faso və Rusiya bayraqlarını daşıyıblar. Aksiya Nigerin hazırkı hakimiyyətini dəstəkləyən ona qədər hərəkat və birliyi birləşdirən Synergie koalisiyasının təşəbbüsü ilə həyata keçirilib.
Keçən ay Niger, Afrika ölkəsinin şimalında Amerika PUA bazası qurulduğuna görə, ABŞ ilə hərbi müqaviləni ləğv edib. Nigerin hərbi hakimiyyət orqanları qərarlarını izah edərək, müqavilənin xalqın maraqlarına cavab vermədiyini qeyd ediblər. ABŞ administrasiyası Niger rəhbərliyi ilə əlaqə saxladığını və mövcud vəziyyəti müzakirə etməyə davam etdiyini bildirib. 2023-cü ilin sonunda Nigerdə təxminən 1,1 min ABŞ hərbi qulluqçusu olub.
2023-cü ilin yayında Niger Fransa ilə hərbi razılaşmaları faydasız hesab edib və bütün fransız qüvvələrinin ölkədən dərhal çıxarılmasını tələb edib. İlin sonuna qədər Nigerdəki bütün fransız hərbi personalı, ümumilikdə 1,5 mindən çoxu Afrika ölkəsini tərk edib.