Yaponiyanın əhalisi azalır
2023-cü ilin oktyabr ayının rəqəmlərinə görə, Yaponiya əhalisi əvvəlki ilə nisbətən 595 min nəfər azalaraq 124 milyon 352 min nəfərə düşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin dərc etdiyi məlumatlara görə, Yaponiya əhalisi son 13 ildə dəfələrlə azalıb.
Ölkə daxilində yaşayan əcnəbilər nəzərə alınmasa, Yaponiya əhalisi əvvəlki ilə nisbətən 837 min azalaraq 121 milyon 193 min nəfərə çatıb.
1950-ci ildən sonra qeydə alınan məlumatlara görə, bu, ən böyük azalmadır.
Yaşı 65-dən yuxarı olan əhalinin sayı 36 milyon 227 min nəfərə, 75 yaşdan yuxarı olanların sayı 20,08 milyona yüksəldiyi halda, 0-14 yaş arası əhalinin sayı azalaraq 14 milyon 173 min nəfərə çatıb.
“Əmək qabiliyyətli yaş” hesab edilən 15-64 yaş arası əhali əvvəlki ilə nisbətən 256 min nəfər azalaraq 73 milyon 952 min nəfər hesablanıb.
Yaponiyanı təşkil edən 47 inzibati rayon arasında əhalisi 0,34 faiz artan yeganə bölgə paytaxt Tokio olub.
Ən çox əhali itkisi şimal-şərqdəki "Tohoku" bölgəsində yerləşən Aomori, İvate və Yamaqata vilayətlərində baş verib.
Ölkədə yaşayan əcnəbi əhalinin sayı 243 min nəfər artaraq 3,16 milyon nəfərə çatıb.