
Paytaxtda velosiped zolaqları şəbəkəsinin genişləndirilməsi bu nəqliyyat vasitəsindən istifadə edənlərin sayını artırıb. Artıq insanlar velosipeddən əyləncə və idman üçün deyil, həm də işə getmək üçün istifadə edirlər.
“Operativ Media” velosiped bazarında qiymətləri araşdırıb.
Satıcılar deyirlər ki, velosiped mağazalarında canlanma var. Əvvəlki illərə nisbətən bu il alıcı sayında xeyli artım var.
“Zolaqların sayı artdığı kimi istifadəçilərin də sayı artıb. İnsanlar tıxaca görə velosipedlərə üstünlük verirlər. Həm adi, həm də elektrikli modellərimiz var. Eyni zamanda velosipedlərin qatlana bilən, bükülə bilən olması insanlara daha çox rahatlıq verir. Keçən ilə nisbətən müştərilərimiz artıb”.
Qiymətlər ölçüyə və markaya görə fərqlənir. Son vaxtlar elektrikli velosipedlərə maraq artıb.
“Qiymətlər 80 manatdan başlayır. Ən bahalı elektro modellərimiz var ki, qiyməti 1200 manata kimi qalxa bilir. Qiymət ölçülərinə görə dəyişir. Hal-hazırda dağ velosipedlərinə üstünlük verilir. Yollarda daha çox istifadə olunan 26-lıq, 16-lıqdır. Qiymətlər də ən çox modellərə görə fərqlənir. Şosse velosipedlərinə də tələbat çoxdur. Çəkisi yüngül olduğu üçün əsas hissəsi karbon olur. Ortalama min manatdan başlayır. Mağazamızda olan velosipedlər arasında ən bahalı olan 15 min manatdır”-satıcı R.Ə saytımıza bildirib.
Qeyd edək ki, Bakıda 6,5 kilometr məsafəni əhatə edən davamlı mikromobillik zolağı artıq istifadədir. Növbəti mərhələdə velosiped zolaqları şəbəkəsinin uzunluğunun 50 km-ə çatdırılması planlaşdırılır.