"Google" daha 20-yə yaxın əməkdaşını işdən çıxarıb
Nərmin Qocamanlı
"Google" daha 20-yə yaxın əməkdaşını şirkətin bulud texnologiyaları sahəsində İsrail hökuməti ilə əməkdaşlığına qarşı etiraz aksiyalarında iştirak etməkdə ittiham edərək işdən çıxarıb.
"Operativ Media" xəbər verir ki, işdən çıxarılmalar baş direktor Sundar Piçayın işçilərə şirkətin dağıdıcı və ya siyasi debatlar üçün “şəxsi platforma” kimi istifadəsini pisləyən məktubunu göndərməsindən bir neçə gün sonraya təsadüf edir.
Fəalların sözlərinə görə, bu həftə işdən çıxarılanların ümumi sayı 50 nəfəri keçib.
"Google" və "Amazon"un 2021-ci ildən İsrail hökuməti ilə bağladığı müqavilələrə etiraz edənlərdən biri deyib ki, şirkət müxalifəti yatırmağa, işçilərini susdurmağa və onlar üzərində hakimiyyəti bərpa etməyə çalışır.
"Google" isə iddia edir ki, işdən çıxarılan hər bir işçi onun ofislərində fasilələrə səbəb olub.
Etirazçılar bu iddiaları rədd edir və israr edirlər ki, işdən çıxarılanlardan bəziləri razılaşdırılmış etirazlar günü şirkətin ofislərində belə olmayıblar.
Piçay işçilərə ünvanladığı mesajda bildirib ki, bu, siyasətlə deyil, əmək məsələləri ilə bağlı verilmiş qərardır.