Avtomobil bazarında olan durğunluq qiymətlərə necə təsir edib?

Redaksiya
Avtomobil bazarında olan durğunluq qiymətlərə necə təsir edib?

“Düz bir aydır ki, satışa çıxarılan maşına görə bir dənə də olsun zəng gəlmir. Avtomobil bazarı tam dayanıb”.

Bunu “Operativ Media”ya açıqlamasında avtomobil bazarı üzrə ekspert Sərxan Qədirov deyib.

Ekspertin sözlərinə görə, təklif o qədər çoxdur ki, hər bazar günü avtomobil bazarı yolunda uzun tıxac yaranır, bazara giriş dayanır. 

“Bazara satışa gətirilən avtomobillər çox olduğundan belə bir mənzərə yaranır. Bu vəziyyət bir aydan çoxdur ki, davam edir. Satışa çox maşın gətirirlər. Alıcı isə yoxdur. Gecə 3-4 dən gəlib yer tutanlar var. Çünki səhər saat 8-dən bazar artıq dolur. Nəinki avtomobil bazarları belədir, elan saytlarında da vəziyyət eynidir. Satış üçün elana qoyduğumuz maşınların heç biri üçün zəng gəlmir. Əvvəl elə idi ki, aya azı 5 maşın satılırdı. İndi isə nə bazarda, nə internetdə maşın satılır. Bazar tam dolub”.

Ekspertin sözlərinə görə, avtomobil bazarında tam durğunluq yaşanır. Avtomobil qiymətləri artmasa da, nəzərəçarpacaq ucuzlaşma yoxdur.

“Bazarda satan çoxdur, alan isə yoxdur. Hamı avtomobil satmaq üçün sifariş verib gətirib, indi də sata bilmirlər. Qiymətlərdə ucuzlaşma yoxdur. Hər il bu vaxtlar bazar canlanırdı. Çox adam Mart ayını gözlədi. İndi də iyun deyirlər. Taksilərlə bağlı qərar da bazara təsirsiz ötüşməyib. İstehsal ili 15 ildən artıq olan maşınlar kütləvi satışa çıxarılır. Bu isə digər avtomobillərin də bazarına təsir edir”.

Digər xəbərlər