Xəzər dənizinin adalarından niyə turizm məqsədilə istifadə edə bilmirik?

Redaksiya
Xəzər dənizinin adalarından niyə turizm məqsədilə istifadə edə bilmirik?

“Ada turizmi ən gəlirli sahələrdən olsa da, Azərbaycanda adalara turlar təşkil etmək mümkün olmur. Adaya səfər üçün xeyli qurumdan icazə istənilir, bu isə turizmə mənfi təsir edir”.

Bunu “Operativ Media” ya açıqlamasında turizm üzrə ekspert Elgün Babayev deyib.

Ekspertin sözlərinə görə, qonşu Türkiyə turizmin bu istiqamətindən ən faydalı şəkildə yararlanan ölkələrdəndir. Azərbaycanda isə adalara turist səfərləri təşkil edilmir. 

“Gələn qonaqların belə səfərlərlə marağı böyükdür. Amma prosedur o qədər çətindir ki, yararlanmaq olmur. Xəzər dənizinin Azərbaycana aid hövzəsində 23 ada var. Amma bu adalara səyahət etmək yalnız xüsusi icazələrlə mümkündür. Ada turizmi həm gəlirli, həm də tələbatlı sahədir. Lakin Azərbaycanda adalar səyahət üçün şərait yaradılmır. Əcnəbilər istəyir ki, hansısa adaya səyahət etsinlər. Biz onlara izah edə bilmirik ki, icazə yoxdur. Gərək sənədlər götürülə, Cilov adasında yaşayan şəxsin xüsusi məktubu ola və bir neçə quruma müraciət edilə. Lakin gəmilər ayrılsa, turistlər də rahat gedib, gələrlər”.

Ekspertin sözlərinə görə, hətta yerli əhali arasında da belə səfərlərə maraq var.

“Yerli turistlər də istəyir ki, gəmi səfərləri təşkil olunsun. Bu sahəyə böyük maraq var. Bizdən xarici ölkələr üçün turpaket alanlar əlavə olaraq gəmi səyahəti də alır. Xəzər dənizinin bulvar hissəsi çirklidir, adaların suyu isə çox şəffafdır. Xəzər dənizinin Rusiya, İran hövzəsində adalardan həm yaşayış üçün, həm də turizm məqsədilə istifadə edilir”.

Məsələ ilə bağlı, Dövlət Turizm Agentliyindən isə bildirildi ki, ümumilikdə Xəzərdə yerləşən adaların turizm baxımından inkişafına ümumi bir yanaşma tətbiq oluna bilər. Bu mənada ilkin olaraq əlçatanlıq məsələsinin həlli önəmlidir. Hazırda bu sahənin inkişafı prioritet istiqamət deyil.

Digər xəbərlər