Menyu

Azərbaycan millisinin kapitanı: "Mübarizəmiz göz önündə idi, bunu heç kim dana bilməz"

Əziz Əzizli
Azərbaycan millisinin kapitanı: "Mübarizəmiz göz önündə idi, bunu heç kim dana bilməz"

Qələbəyə azacıq bəxtsizlik və diqqətsizlik mane oldu”.

Bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə Monteneqro ilə keçirilən qarşılaşmadan sonra Operativ Media-ya verdiyi müsahibədə deyib.

Təcrübəli hücumçu matçdan sonra yaşadıqları emosiyaları və komandanın vəziyyətini belə dəyərləndirib:

“Sözün düzü, çox məyusam. Özümə gəlmək üçün bir neçə günə ehtiyacım olacaq. Komandada itkilər vardı, Litva oyunundan sonra isə yorğunluq açıq hiss olunurdu. Bütün bunları bəhanə kimi demirəm. Sadəcə bərpa üçün cəmi 2 gün vaxtımız var idi və vaxtın çoxu yollarda itdi. Bunlar bəzi amillərdir, amma bizim əzmkarlığımızı azalda bilmədi. Sonadək vuruşduq, təəssüf ki, sonda bəxtsizlik yaşadıq”.

Qarşılaşmada mübahisəli penalti epizoduna da toxunan Cəfərzadə bu sözləri deyib:

“Həmin epizoda baxdıqda ilk olaraq onların oyunçusunun topa əllə toxunduğu aydın görünür, daha sonra bizim futbolçunun müdaxiləsi baş verir. Bu epizodu başqa cür necə şərh edim, bilmirəm. Qələbəni son anda əldən verdik deyə çox üzgünük. Bu qələbə, bəlkə də, bizi B liqasına daşıya bilərdi”.

Kapitan qarşıdakı oyunlara da nikbin baxdığını bildirib:

 “Amma qətiyyən həvəsdən düşmürük. Yolumuza davam edəcəyik. İnşallah Bakıda döyüşəcəyik və Litvanı məğlub etməliyik. Hər işdə bir xeyir var. Səbirli olub məqsədimizə çatmaq üçün sonadək vuruşacağıq”.

Cəfərzadə UEFA Millətlər Liqasında yaranmış oyun fərqinə də diqqət çəkib:

 “Monteneqro bu "pəncərə"də cəmi bir oyun keçirdi, o da evdə bizə qarşı idi. Biz isə ard-arda iki səfər oyunu oynadıq. İstər-istəməz bu, yorğunluq yaradıb. Amma mübarizəmiz göz önündə idi. Bunu heç kim dana bilməz. İki səfər oyunundan 4 xal topladıq ki, bu, əslində yaxşı nəticədir”.

Azarkeş mövzusuna da toxunan millinin kapitanı onların dəstəyinin vacibliyini vurğulayıb:

“Monteneqro ilə oyunda azarkeşlərimizin olmamasının oyunumuza mənfi təsir göstərdiyini düşünmürəm. Çünki çox zaman boş tribunalar önündə oynayırıq. Bir növ buna alışmışıq. Hətta oyunlarımız Bakıda keçiriləndə belə, bəzən çox az sayda insan stadionda bizə dəstək olur. Amma azarkeşin oyunda olması təbii ki, gücümüzə güc qatır və bizim onlara ehtiyacımız var. Futbol azarkeşlə gözəldir. "Milli Dəstə" azarkeş qrupunun Litvada komandamıza göstərdiklərk dəstək möhtəşəm idi. Ümid edirəm ki, bu dəfə azarkeşlərimizə və xalqımıza qələbə sevinci yaşada biləcəyik”.

Sevinc Cəfərzadə qrup lideri olmaq şanslarını da dəyərləndirib:

"Şanslar hal-hazırda bərabərdir. Hər şey son turda məlum olacaq. Litvanı mütləq Bakıda məğlub etməliyik. Qələbədən əlavə top sayı da önəmlidir. Əlimizə düşən fürsətləri maksimum dəyərləndirməliyik ki, həm qrupda xal hesabımızı artıraq, həm də top sayını.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının son oyununda Bakıda Litva millisi ilə qarşılaşacaq.





Teqlər:

"Az\u0259rbaycan millisinin kapitan\u0131: \"M\u00fcbariz\u0259miz g\u00f6z \u00f6n\u00fcnd\u0259 idi bunu he\u00e7 kim dana bilm\u0259z\""

Əlaqəli Xəbərlər