Prezidentin Bəylik sakinləri ilə səmimi söhbəti - VİDEO
Bu gün Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinə səfəri çərçivəsində sakinlərlə görüşüb. Dövlət başçısı kənd sakinləri ilə səmimi söhbət edib, onların təəssüratlarını dinləyib və suallarını cavablandırıb.
Operativ Media xəbər verir ki, sakinlər Prezident İlham Əliyevin 2012-ci ilin dekabrında Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində keçmiş məcburi köçkünlərlə görüşünü xatırladaraq bildiriblər ki, o zaman verilən vəd bu gün reallaşıb. Onlardan biri deyib:
“Cənab Prezident, 2012-ci il dekabrın 24-də Taxtakörpü qəsəbəsinin açılışında Siz demişdiniz ki, inşallah, torpaqlarımız azad olunacaq və bundan da yaxşı evlər tikib sizə açarları təqdim edəcəyik. Bu gün o sözünüz həyata keçib. Biz artıq öz doğma yurdumuzdayıq.”
Sakinlər ölkə rəhbərini “Şəhərimizə xoş gəlmisiniz” sözləri ilə qarşılayıblar.
Prezident İlham Əliyev həmin tarixi anları belə xatırladıb:
“O vaxt 50 illiyimi laçınlılarla birlikdə qeyd etdim. 60 illiyimi isə Şuşada qeyd etdim, Cıdır düzündə.”
Söhbət zamanı sakinlər Prezidentin 44 günlük Vətən müharibəsi dövründə verdiyi müsahibələri də yada salıblar. Onlardan biri Almaniyalı jurnalistə verilmiş cavabı belə xatırladıb:
“Cənab Prezidentə sual verdilər ki, Qarabağ torpağı Sizin üçün niyə əzizdir? O da cavab verdi: ‘Almaniya üçün Bavariya nə qədər əzizdirsə, Qarabağ da bizim üçün o qədər əzizdir.’”
Prezident bu fikirlərlə yanaşı, münaqişə dövründə beynəlxalq ikili standartlara da toxunduğunu qeyd edib:
“Yadınızdadırsa, deyirdilər ki, qondarma "Dağlıq Qarabağ"a, "Artsax"a müstəqillik verilməlidir. Özü də bunu Fransadan deyirdilər. Mən də dedim ki, razıyam, amma bir şərtlə – onlara Marseldə müstəqillik versinlər, mən də oranı tanıyım.”
Görüş səmimi və yüksək ruhda keçib. Sakinlər Prezidentə azad olunmuş torpaqlarda həyatın yenidən qurulmasına göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.