Cənubi Koreya noyabrın 27-də dördüncü dəfə "Nuri" kosmik raketini buraxacaq

Əziz Əzizli
Cənubi Koreya noyabrın 27-də dördüncü dəfə "Nuri" kosmik raketini buraxacaq

Cənubi Koreyanın “Nuri” kosmik raketinin dördüncü buraxılışı noyabrın 27-də həyata keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə Koreya Aerokosmik Tədqiqatlar Agentliyi (KASA) məlumat yayıb.

Məlumata görə, peykin hazırlanma cədvəli, Naro Kosmik Mərkəzindəki şərait, hava durumu və kosmik obyektlərlə toqquşma ehtimalı kimi xarici amillər nəzərə alınaraq raketin planlaşdırılan buraxılış tarixi noyabrın 27-nə müəyyənləşdirilib.

“Dəqiq buraxılış vaxtı Buraxılışa Hazırlıq Komitəsi tərəfindən startdan bir gün əvvəl – noyabrın 26-da açıqlanacaq”, – qurumdan bildirilib. Buraxılışın Naro Kosmik Mərkəzindən yerli vaxtla saat 12:54-dən 13:14-ə qədər (Bakı vaxtı ilə 26 noyabr saat 19:54-dən 20:14-ə qədər) həyata keçirilməsi nəzərdə tutulur. Təxirə salınma halında ehtiyat tarixlər 28 noyabr – 4 dekabr aralığında ayrılıb.

Agentliyin açıqlamasına əsasən, raket orbitə bir əsas və 12 kiçik peyk çıxaracaq. Avadanlıqlar oktyabrın sonunadək kosmik mərkəzə çatdırılacaq. “Bu, KASA-nın yaradılmasından bəri ilk buraxılış olacaq”, – deyə agentliyin direktoru Yun Yonq-bin bildirib. O, həmçinin xatırladıb ki, “Nuri” raketinin üçüncü buraxılışı 2023-cü ilin mayında gerçəkləşib.

Digər xəbərlər