İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiyanın üzvləri olan ABŞ və onun müttəfiqləri mövcud plana əsasən İraqdakı hərbi mövcudluğunu azaldacaq.
Operativ Media xəbər verir ki, bu barədə müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell çərşənbə axşamı yaydığı yazılı bəyanatda bildirib.
Onun sözlərinə görə, “ABŞ və koalisiya tərəfdaşları prezidentin göstərişinə və ikitərəfli hərbi komissiyanın qərarına uyğun olaraq İraqdakı hərbi missiyalarını azaldacaqlar”. Parnell qeyd edib ki, ABŞ və müttəfiqlərinin İraqdakı hərbi mövcudluğunun azaldılması "İŞİD-ə qarşı mübarizədə ümumi uğurun göstəricisidir" və əvvəllər əldə edilmiş razılaşmalar əsasında İraqla təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq formatına keçidi əks etdirir.
O həmçinin vurğulayıb ki, Vaşinqton administrasiyası Bağdadla ikitərəfli əməkdaşlığa məsuliyyətli keçidi təmin etmək üçün İraq hökuməti və koalisiya üzvləri ilə yaxından əməkdaşlıq etməyə davam edəcək.
Sentyabrın 18-də baş nazir Məhəmməd əl-Sudani bəyan edib ki, İraq hakimiyyəti ABŞ-nin rəhbərlik etdiyi Qərb koalisiyasının köməyi olmadan da sabitliyi qorumağa və ərazisini müdafiə etməyə qadirdir. O bildirib ki, İŞİD-ə qarşı mübarizənin aktiv mərhələsi başa çatdığından ABŞ-ın ölkədə hərbi kontingent saxlaması üçün artıq heç bir səbəb yoxdur.