İndoneziyanın Sidoarco şəhərində yerləşən “Al-Hozini” internat məktəbinin çökməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə oktyabrın 3-də "South China Morning Post" (SCMP) nəşri rəsmi şəxslərə istinadən məlumat yayıb.
Güman edilir ki, dağıntılar altında hələ də onlarla insan qalıb və fəlakətdən bir neçə gün keçməsinə baxmayaraq, onların həyatda olduğuna dair heç bir əlamət müşahidə olunmur. Xilas edilənlərin sayı 103 nəfərdir.
“Bu gün biz daha beş nəfər tapdıq, onların hamısı ölmüş vəziyyətdə idi”, – Surabaya şəhərinin axtarış-xilasetmə agentliyinin rəhbəri Nanang Siqit bildirib.
Beləliklə, ölənlərin sayı əvvəlcə 10 nəfərə çatıb. Daha sonra məktəbin kommunal sahəsində bir nəfərin cəsədi aşkar olunub. Yaxınlıqda isə çökmüş tavanın altında qalan iki şagird yaralı vəziyyətdə tapılıb. Ardınca daha iki nəfərin cəsədi də dağıntılar altından çıxarılıb.
“Beş nəfərin cəsədinin aşkar olunmasından əvvəl rəsmilər 59 nəfərin itkin düşdüyünü bildirmişdilər”, – deyə nəşr yazır.
Hadisə yerinə toplaşan bəzi ölən şagirdlərin ailə üzvləri xilasetmə işlərinə qoşulmaq istədiklərini bildiriblər. Onların sözlərinə görə, uşaqlar hələ də dağıntılar altında qala bilərlər. İlkin araşdırmalara əsasən, binanın çökməsinə keyfiyyətsiz tikinti səbəb olub – dayaq sütunları dördüncü mərtəbənin əlavə olunmasından sonra yükə tab gətirə bilməyib.
İndoneziyada məktəbin çökməsi barədə məlumat sentyabrın 30-da yayılıb. Hadisə Cava adasının şərqində yerləşən müsəlman internat məktəbində baş verib. İtkin düşənlərin əksəriyyəti 12–17 yaş arası, 7–11-ci siniflərdə oxuyan oğlan şagirdlərdir.