Belçika hərbi bazası üzərində PUA-lar aşkarlanıb

Əziz Əzizli
Belçika hərbi bazası üzərində PUA-lar aşkarlanıb

3 oktyabrda Belçikanın şərqində naməlum pilotsuz uçuş aparatları (PUA) peyda olub.

Operativ Media xəbər verir ki, bu barədə Belçikanın VRT NWS telekanalı məlumat yayıb və mənbələrə istinad edib.

Telekanalın hərbi analitiki Jens Fransenin sözlərinə görə, Elzenborn hərbi bazasının üzərində 15 PUA müşahidə olunub. Onlar obyektin üzərindən uçaraq Almaniya ərazisinə keçiblər. Almaniyanın Dyuren şəhər polisi də naməlum pilotsuz uçuş aparatlarının göründüyünü təsdiqləyib.

Belçika Müdafiə Nazirliyi insidentlə bağlı araşdırmaya başladığını bildirib. Lakin hələlik PUA-ların haradan gəldiyi və kimin tərəfindən idarə olunduğu barədə məlumat yoxdur.

28 kvadrat kilometr ərazidə yerləşən Elzenborn hərbi bazası təlim düşərgəsidir. Burada, digər fəaliyyətlərlə yanaşı, atıcılıq məşqləri və pilotsuz uçuş aparatlarının sınaqları keçirilir.

Fransenin sözlərinə görə: “Rusiyanın bu təxribatda iştirakını araşdırmaq lazımdır. Mənim şəxsi fikrimcə, bu pilotsuz uçuş aparatları hibrid təhdidin nümunəsidir. Onlar qarışıqlıq yaratmaq üçün vasitədir. Rusiya bu taktikanı illərdir istifadə edir".

O, həmçinin əlavə edib ki, Moskvanın PUA-ların buraxılmasına birbaşa bağlılığı barədə hələlik dəqiq sübut yoxdur.

Artıq bir neçə həftədir ki, bir sıra Avropa ölkələrinin hakimiyyət orqanları hava məkanına müdaxilələrlə bağlı məlumatlar yayır. İddialara görə, bu müdaxilələr rusiyalı pilotsuz uçuş aparatları tərəfindən həyata keçirilir. Norveç, Almaniya və Danimarkanın iri hava limanlarının fəaliyyəti dəfələrlə PUA təhlükəsinə görə dayandırılıb.

Digər xəbərlər