Avtomobili etibarnamə ilə idarə edən şəxs idarəetməni sərnişinə verə bilərmi?
“Etibarnamə əsasında avtomobil idarə edən şəxsin özünü pis hiss etməsi və nəqliyyat vasitəsini müvəqqəti olaraq başqa bir şəxsə verməsi məsələsi praktikada tez-tez qarşıya çıxır və bu halın qanunauyğun olub-olmaması sürücülər üçün ciddi əhəmiyyət kəsb edir. Etibarnamə avtomobil sahibinin müəyyən səlahiyyətləri başqa şəxsə verməsini təsdiq edən hüquqi sənəd olmaqla, həmin şəxsə nəqliyyat vasitəsindən istifadə və onu idarə etmə hüququ tanıyır”.
Bu sözləri Operativ Media-ya açıqlamasında vəkil Ramil Vəliyev deyib.
O bildirib ki, etibarnamə alan şəxs avtomobilin mülkiyyətçisi olmasa da, yol hərəkətində sürücü kimi çıxış edir və avtomobili faktiki idarə edən şəxs sayılır:
“Bu səbəbdən etibarnamə ilə avtomobili idarə edən şəxsin səhhətində problem yarandıqda sükan arxasında qalmağa məcbur edilməsi nə qanunvericiliyin məqsədinə, nə də yol hərəkəti təhlükəsizliyi prinsiplərinə uyğun deyil.
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi etibarnamə ilə avtomobili idarə edən şəxsin nəqliyyat vasitəsini üçüncü şəxsə müvəqqəti olaraq verməsini birbaşa qadağan etmir. Əsas məsələ avtomobili idarə edən yeni şəxsin hüquqi və faktiki baxımdan sürücülük qabiliyyətinə malik olmasıdır. Belə ki, sükan arxasına keçən şəxs müvafiq kateqoriya üzrə etibarlı sürücülük vəsiqəsinə malik olmalıdır. Həmin şəxs alkoqollu içkilərin, narkotik və ya psixotrop maddələrin təsiri altında olmamalı və idarəetməyə mane olan tibbi vəziyyətdə olmamalıdır. Avtomobilin sahibi tərəfindən verilmiş etibarnamədə üçüncü şəxsə idarəetmənin verilməsinə dair açıq qadağa nəzərdə tutulmadıqda bu hərəkət hüquqazidd hesab edilmir”
