Menyu

Dövlət Xidməti yaranma gününü qeyd edib

Operativ Media
Dövlət Xidməti yaranma gününü qeyd edib

13 fevral Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü münasibətilə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və qurumun şəxsi heyəti Fəxri xiyabanı ziyarət edərək ulu öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Operativ Media xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.

Ziyarətdən sonra Xidmətin aparatında qurumun yaradılmasının 14 illiyinə həsr olunan mərasim keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış edib.

Mürsəl İbrahimov son illər ərzində Dövlət Xidmətinin fəaliyyətindəki inkişaf, aparılan islahatlar, həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların icrasının gedişatı barədə ətraflı məlumat verib. Tədbirdə Xidmət tərəfindən 2025-ci ildə görülən işlərdən bəhs edən hesabat video çarxı nümayiş olunub.

Tədbirdə bir qrup əməkdaşın təltif edilməsi barədə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncam Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsul şəxsi Tehran Babatov tərəfindən şəxsi heyətə elan olundu. Daha sonra Xidmət rəisinin imzaladığı əmrlər də elan olunaraq xidmətdə fərqlənənlərə hərbi rütbələr, medallar və fəxri fərmanlar təqdim edildi.

Əlaqəli Xəbərlər