Tramp administrasiyası İranın 2026-cı il Dünya Kubokunda iştirak edəcəyini gözləyir
ABŞ Prezidenti Donald Trump administrasiyası İran milli komandasının 2026-cı il dünya çempionatında iştirak üçün ABŞ-yə gələcəyini gözləyir.
Operativ Media xəbər verir ki, bu barədə "Politico" nəşri administrasiyanın yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
Ağ Evin mundial hazırlıqları üzrə işçi qrupunun rəhbəri Endryu Culiani bildirib ki, İran yığmasının iyunun 10-na qədər ABŞ-yə gəlişi planlaşdırılır.
Komandanın proqramına əsasən, təlim-məşq bazası Tucson şəhərində yerləşəcək. Qrup mərhələsində Yeni Zelandiya və Belçika ilə oyunlar üçün heyət Los Angeles şəhərinə yollanacaq, Misir yığması ilə qarşılaşma isə Seattle şəhərində baş tutacaq.
Bundan əlavə, mundialdan əvvəl İran və Puerto-Riko komandaları arasında yoldaşlıq görüşünün təşkili də nəzərdə tutulur.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Siyasi gərginliyə baxmayaraq, FIFA prezidenti Canni İnfantino və ABŞ rəsmiləri İran millisinin turnirdə iştirakı üçün təhlükəsizlik zəmanətinin verildiyini bildiriblər.