“Neftçi”dən azarkeşlərə çağırış: “Qarabağ” oyunu ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilir
“Neftçi” klubu Misli Premyer Liqasının 29-cu turu çərçivəsində keçiriləcək “Qarabağ” matçı ilə bağlı azarkeşlərə müraciət edib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qarşılaşma aprelin 26-da saat 19:00-da “Palms Sports Arena”da baş tutacaq. Oyuna böyük maraq nəzərə alınaraq, hər iki komandanın azarkeşlərinin təhlükəsizliyinin təmin olunması və mümkün arzuolunmaz halların qarşısının alınması məqsədilə xüsusi preventiv tədbirlər planlaşdırılıb.
Məlumata görə, Ağdam təmsilçisinin azarkeşləri üçün stadionun “Qərb 2” sektoru ayrılıb. “Qarabağ” azarkeşləri biletləri oyun günü – aprelin 26-sı saat 12:00-dan etibarən onlar üçün xüsusi ayrılmış kassadan əldə edə biləcəklər.
Eyni zamanda qeyd olunub ki, təhlükəsizlik səbəbindən “Neftçi” azarkeşləri üçün nəzərdə tutulan sektorlara “Qarabağ” klubuna məxsus forma, şərf və digər rəmzlərlə daxil olmaq istəyən şəxslərin buraxılmasına icazə verilməyəcək.
Klub rəhbərliyi azarkeşlərin bu tədbirləri anlayışla qarşılayacağına və oyunun insidentsiz keçəcəyinə ümid etdiyini bildirib.