Menyu

"Bild": Mahir Emreli “Kayzerslautern”də gözləntiləri doğrultmur

Operativ Media
"Bild": Mahir Emreli “Kayzerslautern”də gözləntiləri doğrultmur

Almaniya mətbuatı Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin "Kayzerslautern" klubundakı uğursuz dövrü və komandadan ayrılma ehtimalı barədə yazıb.

Operativ Media xəbər verir ki, bu barədə "Bild" nəşri bu mövzuda məqalə hazırlayıb.

"Mahir Emreli "Kayzerslautern"ə böyük ümidlərlə gəlsə də, əzələ zədəsindən tam sağaldıqdan sonra "Bettsenberq"də (klubun stadionu) tamamilə diqqətdən kənarda qalıb. Azərbaycanlı hücumçunun məyusluğunun həddi-hüdudu yoxdur. Görəsən, hücumçu ilə baş məşqçi Torsten Liberknext arasında əslində nə baş verir?

Xüsusilə milli komandaların oyunları ilə bağlı yaranmış fasilə zamanı baş verən bir hadisə olduqca üzücü idi. Belə ki, "Kayzerslautern" rəhbərliyi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) müraciət edərək, Emrelinin milli komandaya çağırılmamasını xahiş etmişdi. Bu addımın məqsədi futbolçuya həmin müddətdən intensiv məşqlər üçün yararlanmaq və mövsümün həlledici mərhələsinə tam hazır vəziyyətdə çıxmaq imkanı yaratmaq idi. Emreli və AFFA bu xahişlə razılaşdı. Bəs qarşılığında o, nə aldı? Əsl "şillə"! Çünki növbəti matçda – "Fortuna Düsseldorf"a qarşı oyunda (3:0) Mahirə meydanda cəmi yeddi dəqiqə vaxt ayrıldı.

Vəziyyəti daha da pisləşdirən məqam odur ki, "Holştayn"a 0:3 hesabı ilə uduzduqları oyun boyu Emreli 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirdi. Halbuki həmin an "Kayzerslautern"in qola ehtiyacı var idi və komandanın əvəzetmə imkanları hələ bitməmişdi. "Herta"ya qarşı oyunda da (1:0) Emreliyə özünü göstərmək şansı verilmədi. Futbolçunun tam sağlam olması və meydana çıxmaq üçün can atması fonunda yaranmış bu vəziyyət böyük təəccüb doğurur. Buna baxmayaraq, Liberknext onu görməzdən gəlməyə davam edir.

Məlumata görə, "Qarabağ" (2017) və Zaqreb "Dinamo"sunun (2022) heyətində Çempionlar Liqasında çıxış etmiş Emreli, zədəli ulduz İvan Prtainlə birlikdə klubun ən yüksək maaş alan oyunçularından biridir. "Kayzerslautern" bu qədər bahalı ehtiyat oyunçunu heyətində saxlamaq lüksünə həqiqətənmi sahibdir?

Emreli çoxşaxəli oyunçu hesab olunur. "Kayzerslautern"ə keçdikdən sonra o, hücumun, demək olar ki, bütün mövqelərində sınanılıb – lakin heç vaxt klassik mərkəz hücumçusu rolunda çıxış etməyib. Halbuki onun əsas üstünlüyü məhz bu mövqedədir. Onun Miroslav Klozenin rəhbərliyi altında "Nürnberq"dəki parlaq dövrünü xatırlamaq kifayətdir; o zaman Mahir öz bombardirlik keyfiyyətləri ilə seçilirdi (25 oyunda 11 qol).

Azərbaycan millisinin hücumçusunun "Kayzerslautern"lə müqaviləsi 2028-ci ilə qədərdir".

Əlaqəli Xəbərlər