"Qarabağ" FK Akademiyasının rəhbərliyi UEFA-nın V Forumunda iştirak edib
"Qarabağ" FK Akademiyasının meneceri Nail Kərimov və koordinator Aftandil Hacıyev İsveçrənin Cenevrə şəhərində keçirilən UEFA Gənclər Liqası V Forumunda iştirak ediblər.
Operativ Media xəbər verir ki, tədbir çərçivəsində müasir futbolun aktual məsələlərinə dair müxtəlif seminarlar təşkil olunub. Seminarlarda Lids Bekket Universitetinin professoru Sercio Lara-Bersial "Futbol IQ-sü", Fransanın "Lion" klubunun sabiq köməkçi məşqçisi Damyen Della Santa "Fərdi oyunçu inkişafı", UEFA-nın müvafiq departamenti isə "Gələcək nəsil futbolçu yetişdirilməsinin metodoloji prinsipləri" mövzusunda çıxışlar ediblər.
Forum iştirakçıları Lozanna şəhərində Madrid "Real"ı və Belçika "Brügge"si arasında keçirilən Gənclər Liqasının final matçını da izləyiblər. Oyunun ardınca UEFA-nın texniki nümayəndələri - tanınmış sabiq futbolçu Sami Xedira və məşhur məşqçi Anj Postukouqlu ilə final qarşılaşması barədə fikir mübadiləsi aparılıb.
Tədbir Dortmund "Borussiya"sındakı fəaliyyəti ilə tanınan Edin Terziçin karyera yolundan bəhs edən panel müsahibəsi ilə yekunlaşıb. Sonda "Qarabağ" FK-nın nümayəndələrinə UEFA tərəfindən xüsusi sertifikatlar təqdim olunub.