FİFA siyahısında olan hakimə istintaq – oyunlardan uzaqlaşdırıldı
UEFA-nın hakiminin yetkinlik yaşına çatmayan şəxsə qarşı qısnamada şübhəli bilinərək Britaniya polisi tərəfindən həbs edildiyi bildirilir.
Operativ Media "The Sun" nəşrinə istinadən xəbər verir ki, hadisə otellərin birində baş verib. İstintaqın versiyasına əsasən, hakim ictimai zonada yeniyetmə ilə söhbətə başlayıb, daha sonra ona toxunaraq öz nömrəsinə dəvət etməyə çalışıb.
Hadisə barədə polisə yeniyetmənin özünün və ya tanışının məlumat verdiyi qeyd olunur. Hakim oteli tərk edərək avrokubok matçını idarə etdikdən sonra geri qayıdarkən UEFA nümayəndələrinin iştirakı ilə saxlanılıb. O, dindirildikdən sonra zaminə buraxılıb.
Sözügedən hakimin 2026-cı il dünya çempionatının oyunlarına təyin olunmuş referilərin siyahısında olduğu bildirilir. FİFA-dan verilən açıqlamaya görə, istintaq davam etdiyi müddətdə o, qurumun himayəsi altında keçirilən oyunlara cəlb edilməyəcək. UEFA da öz növbəsində vəziyyəti narahatlıqla izlədiyini vurğulayaraq hakimi oyunların idarəçiliyindən kənarlaşdırmaq qərarına gəlib.