"Bakı Marafonu 2026"da 10-dan çox ölkədən idmançılar mübarizə aparacaq
Heydər Əliyev Fondunun təşəbbüsü ilə bazar günü keçiriləcək "Bakı Marafonu 2026" üçün 25 min iştirakçı qeydiyyatdan keçib.
Operativ Media xəbər verir ki, marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda mübarizə aparacaqlar.
Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də daun sindromlu şəxslər də iştirak edəcəklər.
Qeyd edək ki, aprelin 26-da London marafonunda yeni dünya rekordu müəyyənləşib. Keniyalı atlet Sebastyan Save London marafonunun qalibi olaraq dünya rekordunu yeniləyib. O, 42.195 km məsafəni iki saatdan az müddətdə - 1 saat 59 dəqiqə 30 saniyəyə qət edib. Qadınlar arasında isə efiopiyalı Tiqst Assefa 2 saat 15 dəqiqə 41 saniyə göstərici ilə qalib olub.
Mayın 3-də isə start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş Sea Breeze ərazisi olmaqla ilk dəfə 42 km məsafədə keçiriləcək Bakı Marafonunun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaq.