AFFA "Sumqayıt"ı 12500 manat cərimələdi
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində keçirilən “İmişli” – “Sumqayıt” matçındakı qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.
Operativ Media xəbər verir ki 25 aprel 2026-cı il tarixli qarşılaşmada “İmişli” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub kütləvi intizamsızlıq səbəbindən 700 manat cərimə edilib.
“Sumqayıt” klubu isə bir neçə fərqli bənd üzrə ciddi maliyyə sanksiyalarına məruz qalıb. Komandanın formasında yaranan qüsurlar səbəbindən oyunun startı gecikdiyi üçün klub 1500 manat məbləğində cərimə olunub. Bundan əlavə, azarkeşlərin futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın mövsüm ərzində artıq 4-cü dəfə təkrarlanması səbəbindən “Sumqayıt” 8000 manat cərimə edilib. Həmçinin oyun bitdikdən sonra azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə görə kluba əlavə 3000 manat cərimə kəsilib.