Menyu

Cenk Sümer: "Bu qələbə “Neftçi” xarakterinin göstəricisidir"

Operativ Media
Cenk Sümer: "Bu qələbə “Neftçi” xarakterinin göstəricisidir"

"Neftçi" klubunun baş icraçı direktoru Cenk Sümer Azərbaycan Premyer Liqasında "Qarabağ" üzərində qazanılan 2:1 hesablı qələbədən sonra mətbuata açıqlama verib.

Operativ Media xəbər verir ki, klub rəsmisi komandanın son vəziyyəti, avrokubok hədəfləri və Vensan Abubakarla bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qələbəni yüksək qiymətləndirən Cenk Sümer komandanın ağır psixoloji gərginlikdən çıxdığını vurğulayıb:

"Çox sevincliyik. Öz azarkeşlərimiz önündəki ağır məğlubiyyətdən sonra komandanı qısa müddətdə toparlamaq asan deyildi. Amma rəhbərlik, məşqçilər və futbolçular “Neftçi” adına layiq reaksiya verdilər. Komanda sonadək döyüşdü, bu da klubumuzun əsl xarakteridir".

Klubun mövsüm sonu hədəflərindən danışan icraçı direktor avrokuboklara vəsiqə qazanacaqlarına inandığını bildirib:

"Məqsədimiz Avropaya getməkdir və bunun üçün real gücümüz var. Məşqçilər heyəti bizi yenidən yarışa qaytaran işlər görür. “Neftçi”nin yeri hər zaman Avropa səhnəsidir".

Rəqib üzərindəki uzunmüddətli qələbəsizlik seriyasının qırılmasına toxunan Sümer futbolçuların məsuliyyəti dərk etdiyini qeyd edib:

"Futbolçularımız peşəkardırlar və 'Neftçi'nin nə demək olduğunu yaxşı anlayırlar. Güclü rəqibə qarşı layiqli qələbə qazandıq. Bu, hələ başlanğıcdır". O, həmçinin həftəiçi olmasına baxmayaraq komandanı tək qoymayan azarkeşlərə xüsusi təşəkkürünü çatdırıb.

Cenk Sümer son günlər mətbuatda ulduz futbolçu Vensan Abubakarla bağlı yayılan iddiaları təkzib edib:

"Abubakarla bağlı hər hansı problem yoxdur. O, peşəkar futbolçudur. Hazırda sadəcə zədədən əziyyət çəkir. Həkimlərin rəyinə görə, yaxın zamanda sağalaraq komandaya qoşulacaq".

Əlaqəli Xəbərlər