Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya ediləcək
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Şamilov Elşən Həsən oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Elşən Şamilovun Əfqan Əliyev və Hidayət Həsənovla qabaqcadan əlbir olaraq 30.07.1993-cü il tarixdə tamah məqsədilə mənzilə basqın edərək bir nəfəri qətlə yetirməsinə, daha sonra müxtəlif vaxtlarda qeyd olunan şəxslərə birgə digər cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən Elşən Şamilovun təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində 08.05.2025-ci il tarixdə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Almaniya ərazisində müəyyən edilərək saxlanılıb.
Hazırda Elşən Şamilovun ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.
Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən Interpol ilə sıx əməkdaşlığı davam etdirir.