Menyu

Bakıda taksi dayanacaqları niyə parkinqlərlə əvəzlənir?

Operativ Media
Bakıda taksi dayanacaqları niyə parkinqlərlə əvəzlənir?

Son zamanlar şəhərdə taksi duracaqlarının sayının azaldığı müşahidə olunur. Sürücülər bildirirlər ki, insan axınının çox olduğu ərazilərdə bu duracaqların olmaması ciddi çətinlik yaradır. Belə ki, avtomobili nəinki uzun müddət saxlamaq, hətta bir neçə dəqiqəlik dayanmaq belə mümkün olmur.

Operativ Media “XəzərXəbər”ə istinadən xəbər verir ki, gün ərzində sərnişin axınının yüksək olduğu bu ərazilərdə taksiyə tələbat kifayət qədərdir. Lakin maraqlıdır ki, məhz bu yerlərdə taksi duracaqları yoxdur. Bu isə həm xidmətin düzgün təşkilinə, həm də yol hərəkəti təhlükəsizliyinə mənfi təsir göstərir.

Sürücülər qeyd edirlər ki, dayanacaq olmadığı üçün harada saxlayacaqlarını bilmirlər. Qısa müddətli dayanma belə problemə çevrilib. Bəzi hallarda isə parklanma üçün ödəniş etməli olurlar və bu da onların gündəlik qazancına təsir edir. Gün ərzində 8–10 saat işləyən sürücülər qazandıqlarının bir hissəsini parkinq xərclərinə sərf etməli olduqlarını deyirlər.

Əvvəllər bəzi metro stansiyalarının yaxınlığında taksi duracaqları olsa da, sonradan həmin nişanların götürüldüyü bildirilir. Nəticədə sürücülər cərimələrlə də üzləşirlər. Onların sözlərinə görə, nə dayanacaq var, nə də rahat dayanmaq üçün şərait.

Məsələ ilə bağlı AYNA-dan bildirilib ki, Bakı şəhəri üzrə hazırda 147 ünvanda 550 taksinin dayanması üçün yer ayrılıb. Bu istiqamətdə kompleks yanaşma tətbiq olunur. Vətəndaş müraciətləri və aparılan təhlillər əsasında yeni taksi duracaqları müəyyən edilir və aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra onların təşkili həyata keçirilir.

Qeyd olunur ki, bu məntəqələr əsasən təhsil müəssisələrinin, tibb ocaqlarının, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə qovşaqlarının ətrafında yaradılır. Eyni zamanda, hərəkətin intensiv olduğu küçə və prospektlərdə minik-düşmə yerləri də təşkil edilir.

Bu günə qədər ümumilikdə 16 küçə və prospekt üzrə 27 nöqtədə sərnişinlərin minib-düşməsi üçün xüsusi yerlər yaradılıb. Taksi duracaqlarının və minik-düşmə məntəqələrinin artırılması istiqamətində işlər davam etdirilir.

Əlaqəli Xəbərlər