DÇ-2026 finalının ən bahalı bileti 32 min dolları keçdi
FIFA 2026-cı il dünya çempionatının final oyunu üçün ən bahalı biletlərin qiymətini artırıb.
Operativ Media ESPN-ə istinadən xəbər verir ki, mayın 7-də təşkilatın rəsmi saytında iyulun 19-da İst-Raterforddakı (Nyu-Cersi ştatı) "MetLayf" stadionunda keçiriləcək qarşılaşma üçün 32 970 dollar dəyərində yerlər satışa çıxarılıb.
Əvvəllər final üçün maksimum bilet qiyməti 10 990 dollar təşkil edirdi. Lakin indi həmin qiymətə olan biletlər yalnız fiziki imkanları məhdud olan azarkeşlər üçün əlçatandır.
İyulun 14-də Arlinqtonda (Texas) keçiriləcək yarımfinal oyununun biletləri 11 130, 4 330, 3 710 və 2 705 dollara təklif olunur. Növbəti gün Atlantadakı stadionda baş tutacaq digər yarımfinal üçün isə qiymətlər 10 635, 3 545 və 2 725 dollar müəyyən edilib.
ABŞ yığmasının iyunun 12-də İnqlvudda (Kalliforniya) Paraqvaya qarşı keçirəcəyi açılış oyununun biletlərini 2 735, 1 940 və 1 120 dollara əldə etmək mümkündür.
ABŞ-nin iyunun 19-da Sietldə Avstraliya ilə keçirəcəyi matçın biletləri 2 715 dollar dəyərindədir. Qrup mərhələsinin sonuncu – iyunun 25-də İnqlvudda Türkiyəyə qarşı keçiriləcək oyununa isə biletlər 2 970, 1 345, 990 və 840 dollara satılır.
Konqresmenlər Nelli Pou və kiçik Frenk Pallone (hər ikisi Nyu-Cersidən) FIFA prezidenti Canni İnfantinoya məktub ünvanlayıblar. Onlar FIFA-nın qeyri-şəffaf qiymət siyasəti, daim dəyişən qaydalar və azarkeşlərin tribunalara girişinə mane olan potensial manipulyasiya üsullarından narahatlıqlarını ifadə ediblər. Konqresmenlər FIFA-dan dünya çempionatının bütün azarkeşlər üçün necə əlçatan olacağına dair izahat tələb ediblər.