Menyu

Səs-küyə səbəb olan moped sürücülərini hansı cəzalar gözləyir? - AÇIQLAMA

Ayşən Sadıxzadə
Səs-küyə səbəb olan moped sürücülərini hansı cəzalar gözləyir? - AÇIQLAMA

Moped və motosikletlərin konstruksiyasına qanunsuz müdaxilələr edilməsi, yüksək səs yaradan texniki dəyişikliklərin tətbiqi ciddi ictimai narahatlıq doğurur. Praktikada ən çox rast gəlinən hallar “qluşitel” sisteminə müdaxilə olunması, səsboğucunun deşilməsi və ya əlavə səs aparatlarının quraşdırılmasıdır. Bu cür müdaxilələr nəticəsində yaranan intensiv səs-küy sakinlərin rahat yaşamaq və istirahət hüququnun pozulmasına səbəb olur.

Mövzu ilə bağlı vəkil Səma Əhmədova Operativ Media-ya bildirib ki, Azərbaycan qanunvericiliyi bu halları birbaşa hüquq pozuntusu kimi qiymətləndirir:

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müddəalarına əsasən, nəqliyyat vasitələrinin texniki normalara uyğun olmayan şəkildə istismarı, eləcə də əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə inzibati məsuliyyət yaradır.

Vətəndaşlar bu hallarla bağlı Daxili İşlər Nazirliyinin “102” xidməti və ya Dövlət Yol Polisinə müraciət edə bilərlər. Müraciətlərdə sübut bazası xüsusi əhəmiyyət daşıyır. Video və foto materialların, dövlət qeydiyyat nişanının, hadisənin tarix və saatının təqdim olunması tədbir görülməsi ehtimalını əhəmiyyətli dərəcədə artırır. Normadan artıq səs yaradan mopedlərin fəaliyyəti adi küçə səsi kimi qəbul edilməməli, vətəndaşlar mövcud hüquqi müdafiə mexanizmlərindən aktiv istifadə etməlidirlər".

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsinə əsasən, mühərrikin səs gücünün artırılması məqsədilə xaricetmə sisteminə qanunsuz müdaxilə edilməsinə görə 500 manat məbləğində cərimə tətbiq olunur.

Bundan əlavə, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edənlər məcəllənin 342.9-cu maddəsi ilə 500 manatdan 800 manatadək cərimə oluna bilər.

Əlaqəli Xəbərlər