“Məktəbli Qızlar” turnirinə yekun vurulub
AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, UEFA-nın dəstəyi ilə təşkil olunan “Məktəbli Qızlar” turnirinə yekun vurulub.
Operativ Media xəbər verir ki, 59 saylı tam orta məktəbdə əvvəlcə Bakının 55 saylı və Lənkəranın 5 saylı məktəbləri III yer uğrunda oyunda qarşılaşıblar. Ardından final görüşündə Bakı şəhəri 220 saylı tam orta məktəb və Lənkəran şəhəri 1 saylı tam orta məktəbin komandası üz-üzə gəlib.
220 saylı tam orta məktəb turnirin qalibi olub. II və III yerləri müvafiq olaraq 1 saylı tam orta məktəb və 55 saylı tam orta məktəbin komandaları tutublar. İlk üç yerin sahiblərinə diplom və medallar, qalibə isə kubok təqdim olunub.
Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, texniki direktor Emrah Aykurt, AFFA-nın Dövlət qurumları ilə işlər üzrə məsul şəxsi Ramazan Səmədov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) əməkdaşı Xanım Həsənova və Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı Sevda Ramazanova təqdim ediblər.
Qeyd edək ki, “Məktəbli Qızlar” turniri 7-9 yaşlı qızlar üçün nəzərdə tutulmuş pilot layihədir. İlkin olaraq bu mövsüm layihə 2 regionda - Bakı üzrə seçilmiş 20 dövlət və özəl məktəbdə, həmçinin Lənkərandan 10 məktəbdə keçirilib. Turnirin təşkilində əsas məqsəd növbəti mövsüm AFFA U-10 Qızlar Liqasını yaratmaqla qızlar arasında erkən yaşlardan futbola marağın yaradılması və gələcəkdə aşağı yaş qrupu üzrə millilərə yeni futbolçuların cəlb edilməsidir.