Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlər 72 faiz icra olunub
Bu günə qədər Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlərin 72 faizi icra olunub. 75 kilometr hissəyə dəmir yolu xətti döşənib və il ərzində bu hissənin 85 kilometrə qədər artırılması planlaşdırılır.
Operativ Media xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a müsahibəsi zamanı deyib.
O bildirib ki, Horadiz-Ağbənd dəmir yolu tam hazır olmasa da, artıq Soltanlı stansiyasına qədər hissədə dəmir yolu xətti istismara verilib və “Araz Vadisi İqtisadi Zonası”nın müştəriləri və rezidentləri bu dəmir yolu bağlantısından istifadə edərək Qarabağ bölgəsinə, azad olunmuş ərazilərə yük daşımalarını həyata keçirməyə başlayıblar.
“Həmin yolun davamı olaraq, Naxçıvan Muxtar Respublikasında da infrastruktur quruculuğu işlərimiz həyata keçirilir. Ötən ilin sonlarından etibarən Naxçıvan Muxtar Respublikasının dəmir yollarının modernləşdirilməsinə başladıq. Əvvəlcə Zəngəzur dəhlizinin davamı olan Salamməlik stansiyasında və Ermənistanla dövlət sərhədinə qədər olan 7 kilometr hissədə yenidənqurma işlərinə başlanılıb. Yaxın bir neçə ay ərzində burada işlər sona çatdırılacaq. Bütövlükdə Naxçıvan MR-in dəmir yollarının tam yenidən qurulması ilə bağlı layihələndirmə işləri bitib və digər hissələrdə də müasirləşdirmə işlərinə başlanılacaq”, - deyə o əlavə edib.
ADY sədri əlavə edib ki, bu iki istiqamətdə həyata keçirilən layihələr təbii ki, bizi digər infrastruktur layihələrindən ayırmır. “Burada kompleks yanaşma, strateji xətt var. Bu strateji xətt isə ölkəmizin həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsindən irəli gəlir. Bilirsiniz ki, ölkəmizin Şərq-Qərb dəhlizi üzərində çox strateji önəmi var. Nəqliyyat, logistika habı olaraq ölkəmizin son illər regionda rolu və əhəmiyyəti getdikcə artmaqdadır”, - deyə R.Rüstəmov bildirib.