Madonna, Şakira və BTS 2026-cı il Dünya Kuboku finalının fasiləsində çıxış edəcəklər
Amerikalı müğənni Madonna, kolumbiyalı ifaçı Şakira və Koreyanın BTS qrupu 2026-cı il futbol üzrə dünya çempionatının final oyununun fasiləsində çıxış edəcəklər.
Operativ Media xəbər verir ki, bu haqda FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sənətçilər iyulun 19-da Nyu-Cersi ştatındakı "MetLife" stadionunda keçiriləcək oyunun fasiləsində birgə şou nümayiş etdirəcəklər. Proqramın kuratoru Britaniyanın "Coldplay" rok qrupunun solisti Kris Martin olacaq.
Fasilə zamanı təşkil olunacaq bu şou, həmçinin "FIFA Global Citizen Education Fund" təhsil fonduna vəsait toplamaq məqsədi daşıyır. Sözügedən fond dünyanın hər yerindən olan uşaqların keyfiyyətli təhsilə və futbola çıxışını asanlaşdırmaq üçün yaradılıb.
FİFA böyük turnirlərin final matçının fasiləsində şou konseptini ilk dəfə ötən il klublararası dünya çempionatında təqdim etmişdi. Həmin vaxt səhnədə Cey Balvin, Doja Cat və Tems çıxış etmişdi. "Global Citizen" ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan həmin şounun kuratorluğunu da Kris Martin etmişdi.