AZMİU-da Heydər Əliyevin xatirəsinə həsr olunan futzal turniri başa çatdı
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futzal turnirinə yekun vurulub.
Operativ Media xəbər verir ki, turnir universitetin müxtəlif fakültələrini təmsil edən tələbə komandaları arasında keçirilib və universitetdaxili idman həyatının canlandırılması, tələbələr arasında sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb. Yarışın həlledici oyunları AZMİU-nun idman zalının futzal meydançasında baş tutub.
Üçüncü yer uğrunda görüşdə İnşaat fakültəsinin komandası Memarlıq fakültəsinin kollektivini 5:1 hesabı ilə məğlub edərək turnirin bürünc mükafatçısı olub. Final qarşılaşmasında isə Tikinti-İqtisad fakültəsinin komandası ilə Nəqliyyat fakültəsinin komandası ilə üz-üzə gəliblər. Rəqibini 3:2 hesabı ilə üstələyən Tikinti-İqtisad fakültəsinin komandası yarışın qalibi olub.
Turnirin yekununda qalib komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutanlar isə müvafiq medallarla mükafatlandırılıblar. Bununla yanaşı, fərqlənən oyunçular müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlara layiq görülüblər.
Mükafatlandırma mərasimində veteran futbolçu Vəli Qasımov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəsmi şəxsləri iştirak edərək qalib və mükafatçı komandaları təbrik edib, onlara kubok və mükafatları təqdim ediblər.
Qeyd edək ki, bu cür turnirlərin təşkili gənclər arasında futbola marağın artırılması, kütləvi futbolun inkişafı və tələbələrin asudə vaxtının səmərəli təşkili baxımından xüsusi əhəmiyyət kəsb edir. AFFA və AZMİU gələcəkdə də bu istiqamətdə birgə layihələri davam etdirməyi planlaşdırır.