Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub
Mayın 14-də Xətai rayon prokurorluğunun inzibati binasında “Açıq Qapı” günü təşkil olunub.
Bu barədə Operativ Media-ya Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, tədbir başlamazdan əvvəl inzibati binada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə güllər düzülüb. Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra keçirilən tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəallar iştirak ediblər.
“Açıq Qapı” gününün keçirilməsində əsas məqsəd vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmalarını təmin etmək, hüquqi maarifləndirmə işini genişləndirmək, eləcə də prokurorluğun şəffaf fəaliyyətinin ictimaiyyətə təqdim olunması olub.
Tədbiri giriş sözü ilə açan Xətai rayon prokuroru Sərdar İmanov iştirakçıları salamlayaraq bu cür görüşlərin dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, hüquqi biliklərin artırılması və ictimai etimadın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, rayon prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, vətəndaş müraciətlərinə baxılması və insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışı zamanı prokurorluq orqanlarında son illərdə həyata keçirilən islahatlar, rəqəmsallaşma prosesi, “Elektron prokurorluq” informasiya sistemi və ictimaiyyətlə əlaqələrin inkişafı barədə danışıb. O, fəaliyyətin əsas prioritet istiqamətlərinin şəffaflıq, operativlik və vətəndaş məmnunluğunun təmin olunması olduğunu diqqətə çatdırıb.
Həmçinin tədbir çərçivəsində rayon prokurorluğunun əməkdaşları tərəfindən fəaliyyət sahələri üzrə iştirakçılara ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
İştirakçılar prokurorluğun inzibati binası ilə tanış olub, əməkdaşlar üçün yaradılmış iş şəraiti barədə məlumatlandırılıblar. Tədbir zamanı “Elektron prokurorluq” informasiya sistemi əyani şəkildə nümayiş etdirilib, müasir kriminalistik avadanlıqlar və onların istintaq prosesində tətbiqi barədə geniş məlumat verilib.
Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb və xatirə fotoşəkli çəkdirilib.