Yanvar-aprel ayları ərzində 116 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
2026-cı ilin yanvar-aprel ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 115.613 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Dövlət Xidmətindən Operativ Media-ya verilən məlumata görə, qeydiyyata alınan mülkiyyət hüququnun 21.584-ü (18,7 faizi) ilkin, 94.029-u (81,3 faizi) isə təkrar qeydiyyatın payına düşür.
Hesabat dövründə, fərdi yaşayış və bağ evi üzərində – 24.821, mənzil – 28.300, torpaq sahəsi – 58.093, qeyri-yaşayış binası – 1.072, qeyri-yaşayış sahəsi – 3.096, əmlak kompleksi – 196 və çoxmərtəbəli yaşayış binaları üzərində – 35 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 31.544-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Bununla yanaşı, cari ilin ilk dörd ayı ərzində 80.383 texniki pasport tərtib edilib, 19.566 ipoteka müqaviləsi qeydiyyata alınıb.